Vergilər Nazirliyi vergidən yayınmaq üçün işçilərin maaşlarını qəsdən azaldan və ya ümumiyyətlə əmək müqaviləsi bağlamayıb, başqa üsullardan istifadə edən iş adamlarına xəbərdarlıq edib.
FED.az-ın məlumatına görə, nazirlik bildirir ki, son illər bu sahədə sahibkarların vergi yükünü azaltmaq üçün iddi addımlar atılıb, o cümlədən 8 min manata qədər maaşı olanlar (qeyri-dövlət və qeyri neft qaz sahəsində) əmək haqqı üzrə vergidən tamamilə azad edilib. Amma buna baxmayaraq maaşların düzgün göstərilməməsi və digər vergidən yayınma cəhdləri hələ də davam edir.
«İqtisadiyyatın ayrı-ayrı sektorlarında çalışan bir sıra vergi ödəyicilərinin təqdim etdikləri vergi bəyannamələrində, sosial sığorta və işsizlikdən sığorta hesabatlarında əks etdirdikləri əməkhaqqı məbləğləri şirkətin real potensialı, eləcə də həmin sektor üzrə fəaliyyət göstərən və əmək haqlarının düzgün müəyyən edilməsinə üstünlük verən vergi ödəyicilərinin əməkhaqqı məbləği göstəriciləri ilə uzlaşmır və hətta onlardan bəzən bir neçə dəfə aşağı olur»-deyə nazirlikdən bildirilir.
Bundan başqa, bəzi şirkətlər vergi və sosial ödəmələrdən yayınmaq üçün yüksək vəzifəli işçilərinə də sıravi işçilər qədər maaş verirlər: «İşçi sayı, əmlakı və dövriyyəsinin həcmi daha çox olan müəssisələrdə belə, bir sıra hallarda direktor, baş mühasib, menecer kimi vəzifələr üçün müəyyənləşdirilmiş əmək haqları sıravi işçilər üçün müəyyən edilən məbləğlərlə eynilik təşkil edir».
Bəzi şirkətlər isə əslində əməa müqaviləsi bağlanılmalı olan işçilərlə xidməti müqavilə bağlayırlar: «Vergi ödəyicisi tərəfindən muzdlu işə cəlb edilməli olan, işin mahiyyətinin muzdlu iş hesab edilməsi üçün əhəmiyyətli əsaslar olan, lakin vergi ödəyicisi tərəfindən vergidən yayınma məqsədilə işə cəlb edilən şəxslə (həmin şəxs mikro sahibkar olaraq, gəlir vergisi ödəyicisi kimi qeydiyyata alınır) xidmət müqavilələri bağlanılır»-deyə nazirlik bildirir.
Bəzi şirkətlər və sahibkarlar isə işçilərlə əmək müqaviləsim bağlayırlar, lakin, onlara real deyil, ölkə üzrə minimum əmək haqqını yazırlar: «Əksər vergi ödəyiciləri tərəfindən vergidən yayınmaq məqsədilə, işçilərlə bağlanmış müqavilələrə əsasən ödənilən əməkhaqqı məbləğləri ölkə üzrə müəyyən edilmiş minimum əməkhaqqı məbləği səviyyəsində göstərilir ki, bu da vətəndaşların sosial və əmək hüquqlarının pozulması ilə nəticələnir».
Nazirlik bildirir ki, maaşların belə yazılması, işçilərin hüquqlarını rozmaq və gələcəkdə pensiya problemi yaratmaqla yanaşı, DSMF ödənişlərini də azaldır. Buna görə də Nazirlik belə şirkət və sahibkarlara vergi nəzarətini gücləndirməli olacaq: «Bu cür hallar əmək münasibətlərində vergi nəzarətinin daha da gücləndirilməsinə ehtiyac yaradır. Təsdiq olunmuş yeni konsepsiyanın da əsas məqsədi belə riskli vergi ödəyicilərini müəyyən edərək onlarla bağlı tədbirlər görülməsidir. Buna nail olmaq üçün işçi sayı və əməkhaqqı fondu üzrə risklərin müəyyən edilməsi, yerli vergi orqanlarında əmək münasibətlərinə nəzarət üzrə komissiyanın təşkil olunması, eləcə də əmək münasibətləri üzrə riskli vergi ödəyiciləri ilə işlərin təşkili nəzərdə tutulub».