Azərbaycanda sosial şəbəkələrə, xüsusilə də «Tik-Tok»a müxtəlif ödənişlərin edilməsi ilə bağlı qanunsuz ödəniş halları artmaqdadır.
"Tiktok" bu il Azərbaycandan yüklənmiş 800 minə yaxın - VİDEONU SİLİB
FED.az xəbər verir ki, son zamanlar bəzi şəxslər «Facebook», «İnstagram» sosial şəbəkələrində reklamların yerləşdirilməsi, «Tik-tok» platformasından jetonların alınması ilə bağlı vətəndaşlara «sərfəli təkliflər» etməyə başlayıblar.
Belə şəxslər elektron ticarət qaydasında “jeton”ların alınması üçün bu ödənişlərin 18% ƏDV öhdəliyi olmadan edilməsi ilə bağlı vətəndaşlara müraciət edir, bu xidməti müəyyən xidmət haqqı, ödəniş qarşılığında göstərilməsini elan edirlər.
Vergi məsələləri üzrə tanınmış ekspert Anar Bayramovun sözlərinə görə, bu əslində qanun pozuntusu olmaqla yanaşı, həmin şəxs (yəni xidməti göstərən şəxs) üçün ciddi problem yaradacaq.
Məsələ bundadır ki, adi vətəndaşla, sahibkarrın «Tik-tok» ödənişlərində vergi tutulması mexanizmi fərqlidir. Vətəndaş ödəniş edəndə vergi dərhal tutulur, sahibkar ödəniş edəndə isə vergi sonradan hesablanır.
«Məsələn, vətəndaş facebookda 100 USD məbləğində reklam yerləşdirərsə və reklam ödənişini şəxsi məqsədlər üçün bankdan aldığı plastik kart vasitəsilə həyata keçirərsə belə olan təqdirdə bank Vergi Məcəlləsinin 169.3-cü maddəsinə əsasən vətəndaşın hesabından əlavə olaraq 18 USD məbləğində ƏDV-ni tutaraq büdcəyə köçürəcək. Çünki bank bu əməliyyata görə 18% ƏDV məbləğinin vətəndaşın bank hesabından tutulub büdcəyə ödənilməsinə görə məsuliyyət daşıyır. Nəticədə vətəndaşın bu reklamla bağlı xərci 118 USD olacaqdır».
Fiziki şəxs vergi ödəyicisi olduqda isə, Facebook sosial şəbəkəsində 100 USD məbləğində reklam yerləşdirərsə və bu reklam ödənişini sahibkarlıq məqsədləri üçün bankda açdığı VÖEN-ə bağlı plastik kart vasitəsilə həyata keçirərsə belə olan təqdirdə bank yalnız 100 USD olan reklam ödənişini vergi ödəyicisinin bank hesabından facebook sosial şəbəkəsinin hesabına köçürür. 18% ƏDV məbləğini Vergi Məcəlləsinin 169.4-cü maddəsinə əsasən vergi ödəyicisinin özü tərəfindən büdcəyə ödənilir.
Verginin tutulması mexanizmi fərqli olduğuna görə, bəzi şəxslərdə elə təsəvvür yaranır ki, bu halda vergi ümumiyyətlə tutulmur. Belə şəxslər qanunvericiliyin tələbəni anlamadan 18% ƏDV öhdəliyi olmadan facebook, instagram, tik-tok kimi sosial platformalara ödənişlərin edilməsi barədə vətəndaşlara müəyyən xidmət haqqı qarşılığında “xidmət göstərirlər”.
«Yəni vətəndaşlara bildirirlər ki, “facebookda 100 USD dəyərində reklam yerləşdirdiyin zaman ödənişini öz kartından ödəyəcəksənsə, o zaman əlavə olaraq 18 USD ƏDV ödənişi də etməli olacaqsan. Bu ödənişi mənim plastik kartım vasitəsilə et, 18% ƏDV xərcin olmasın və mənə əvəzində 3-5 dollar xidmət haqqı ödə».
Nəticədə nə baş verir?
Anar Bayramovun sözlərinə görə, reklam yerləşdirmək istəyən vətəndaş 100 USD məbləğini “xidmət göstərən” şəxsin kart hesabına köçürür və həmin şəxs də 100 USD məbləğini sosial platformaya köçürür. Köçürmə anında bank görür ki, ödəniş VÖEN-ə bağlı bank hesabındandır və buna görə həmin vəsaitdən əlavə olaraq 18% ƏDV-ni tutub büdcəyə ödəmir.
«Nəticədə “xidmət göstərən” şəxsin kart hesabına vətəndaşlar tərəfindən il ərzində külli miqdarda vəsait daxil olur və həmin vəsaitlər daxil olan kimi də facebook, instagram, tik-tok kimi sosial platformalara köçür».
Müəyyən müddətdən sonra vergi orqanı “xidmət göstərən” vergi ödəyicisinin bank hesabını yoxladıqdan sonra qeyri-rezidentə külli miqdarda ödənişlərin edildiyini və 169.4-cü maddəyə əsasən 18% ƏDV məbləğinin hesablanıb büdcəyə ödənilmədiyini təsbit edir və nəticədə vergi ödəyicisinə kameral qaydada vergi hesablayır.
«Eyni “xidmət” xüsusilə tik-tok platformasından jeton almaq istəyən şəxslərə daha çox təklif edilir və həmin şəxslər Bakı şəhərində “jeton satanlar” kimi populyardır.
Qeyd edim ki, bu formada fəaliyyət sahəsində dövriyyə kifayət qədər yüksəkdir. Təkcə tik-tok sosial şəbəkəsində bu metodla "jeton" alqı-satqısının dövriyyəsi milyonlarla manat həcmindədir. Həmin şəxslər bu məsələlərdə çox diqqətli olmalıdır. Qanunvericiyi bilmədikləri üçün bu gün onlar qazanclı olduğunu zənn etsələr də, sabah mütləq vergi orqanı tərəfindən onları böyük maliyyə sanksiyaları gözləyir»-deyə Anar Bayramov bildirib.