Azərbaycanda Vergi xidməti əməkdaşlarının aylıq gəlirlərinin kəskin artması gözlənilir.
FED.az xəbər verir ki, bu «Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə»də dəyişiklik nəticəsində baş verəcək.
Eləcə də bax: "Vergi stimulları ilə bağlı - QANUNVERİCİLİK PAKETİ HAZIRDIR"
Qeyd edək ki, əsasnaməyə görə, vergi orqanlarının vəzifəli şəxslərinə xidmətin ikinci ilindən başlayaraq, vergi orqanlarında xidmət illərinə görə hər ay əlavə haqq ödənilir. Əlavə haqqın məbləği vergi əməkdaşının vəzifəni tutduğu müddətdən asılı olaraq dəyişirdi. Belə ki, vergi əməkdaşı vəzifəni 1 ildən 5 ilədək tutanda 21 manat, 5 ildən 10 ilədək – 24 manat, 10 ildən 15 ilədək – 27 manat, 15 ildən 20 ilədək – 30 manat, 20 ildən 25 ilədək – 39 manat, 25 ildən 30 ilədək – 45 manat və 30 ildən yuxarı – 60 manat miqdarında əlavə haqq ödənilirdi.
İndi isə qaydalar dəyişir və ödənişlərin məbləği kəskin artır. Yeni qaydaya görə, vergi əməkdşları vəzifədə 1 ildən 5 ilədək olduqda vəzifə maaşının 5 faizi məbləğində; 5 ildən 10 ilədək - vəzifə maaşının 10 faizi, 10 ildən 15 ilədək - vəzifə maaşının 20 faizi, 15 ildən yuxarı - vəzifə maaşının 30 faizi məbləğində əlavə haqq alacaqlar.
Bundan başqa, məzuniyyətə çıxan vergi əməkdaşları da əlavə ödəniş alacaqlar. Əsasnaməyə edilən dəyişikliyə görə, vergi orqanlarının vəzifəli şəxsləri əsas məzuniyyətə çıxarkən onlara ildə bir dəfə bir aylıq vəzifə maaşı həcmində müavinət ödənilir. Bu dəyişikliklər parlamentdə təsdiqlənəndən sonra 202-0-ci ilin əvvəlindən tətbiq ediləcək.