"Vergi Məcəlləsinə dəyişikliklər paketi hazırlanıb".
Eləcə də bax: Parlament “Dövlət rüsumu haqqında” qanuna - DƏYİŞİKLİK ETDİ
FED.az xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin keçirdiyi videobağlantı formatında iclasda məlumat verib.
"Paket bütün dövlət qurumları ilə razılaşdırılıb. Birincisi, pandemiyanın bilavasitə təsir etdiyi fəaliyyət sahələri üzrə vergiödəyicilərinə 2021-ci il yanvarın 1-nə qədər olan dövr üzrə bir sıra vergi güzəştləri və vergi tətilləri təklif olunub. Burada əmlak və torpaq vergiləri üzrə tam məbləğdə vergi güzəştlərinin verilməsi, əldə edilən mənfəətin, gəlirin 75% miqdarında vergi güzəşti kimi, fiziki şəxslərdən daşınmaz əmlakın icarəsi üzrə ödəmə mənbəyində tutulan verginin dərəcələrinin 50%, yəni, 14%-dən 7%-ə endirilməsi, ictimai iaşə və ölkədaxili sərnişindaşıma fəaliyyəti üzrə sadələşdirilmiş vergi məbləğinə 50% güzəştin verilməsi və digər tədbirlər.
İkinci istiqamət, mikrosahibkarlıq subyektlərinə 2020-ci il yanvarın 1-dən 2021-ci il yanvarın 1-dək sadələşdirilmiş vergi üzrə 50% vergi güzəştinin, yəni, 2% dövriyyədən 1% dövriyyəyə endirilməsi, həmçinin vergilərin, cari vergiödəmələrin hesablanması və ödənilməsi üzrə vergi tətillərinin verilməsi.
Nəhayət, üçüncü istiqamət, bütün sahibkarlıq subyektlərinə şamil edilməsi proqnozlaşdırılır və 2021-ci il yanvarın 1-nə qədər olan dövr üzrə aşağıdakı vergi güzəştlərini təqdim edirik: Epidemiyanın qarşısının alınması, əhalinin həyat və sağlamlığının qorunması məqsədilə vergiödəyiciləri tərəfindən həyata keçirilən zəruri profilaktik, o cümlədən dezinfeksiya tədbirlərinə görə çəkilmiş xərclərin məhdudiyyəti nəzərə alınmadan gəlirlərdən çıxarılması, həmçinin əhalinin bir sıra ərzaq və tibbi ehtiyacları üçün zəruri olan və siyahısı, cənab Prezident, Sizin tərəfinizdən təsdiq olunan bəzi məhsul növlərinin idxalının əlavə dəyər vergisindən müddətli azad edilməsi. Yəni, bu, kifayət qədər geniş paketdir və bu paketdə artıq Siz qeyd etdiyiniz kimi, yeni rejimdə fəaliyyət göstərilməsi də müəssisələr tərəfindən nəzərə alınıb", - deyə nazir qeyd edib.