Sentyabrın 24-də Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov ilə İran İslam Respublikası Gömrük Adminstrasiyasının rəhbəri Əlireza Moqəddəsi arasında onlayn görüş keçirilib.
FED.az xəbər verir ki, görüşdə iki ölkənin ərazisindən keçən avtomobillərin sürətli keçidinin təmin olunması üçün tədbirlər müzakirə edilib. Görüşdə mövcud buraxılış məntəqələrində infrastrukturun təkmilləşdirilməsi ilə bağlı görülən işlər diqqətə alınıb. Eləcə də Şərqi Zəngəzur iqtisadi rayonu ərazisində İranla dövlət sərhədində inşa olunacaq yeni sərhəd-keçid məntəqəsinin layihələndirilməsi işinin həyata keçirildiyi və bu istiqamətdə işlərin daha da intensivləşdirilməsinin vacibliyi vurğulanıb.
Daha sonra məlumatların əvvəlcədən ötürülməsi və belə mexanizmin tətbiq edilməsinin cari vəziyyəti barədə fikir mübadiləsi aparılıb, bəzi texniki problemlərin həlli üçün tədbirlərin həyata keçirilməsinin zəruriliyi diqqətə alınaraq hər iki ölkənin gömrük qurumlarının İT mütəxəssislərinin iştirakı ilə yaxın zamanlarda müzakirələrin aparılmasına qərar verilib.