İspaniyada boş qalan, yaşayış olmayan evlərdən yeni vergi tutulacaq.
Ev alanlara qaytarılan ƏDV-nin həcmi - AÇIQLANDI - VİDEO
FED.az xəbər verir ki, yeni vergi qaydası hələlik İspaniyanın Estremadura vilayətində tətbiq ediləcək.
2024-cü ilin əvvəlindən qüvvəyə minəcək yeni qayda 4 min evi əhatə edəcək və il ərzində bu evlərdən əlavə 2 milyon avro əlavə vergi toplanacaq.
Qaydaya əsasən 5 ildən artıq bir şəxsə məxsus olan və 1 üzrlü səbəb olmadan 1 il boş qalan evlərdən yeni vergi tutulacaq.
Sahəsi 500 m2-dək olan boş evlərdən vergi hər m2 üçün 3,75 avro hesablanacaq. Boş evin sahəsi 4 min m2dək olduqda isə vergi hər m2 üçün 11,25 avro hesablanacaq.
Beləliklə sahəsi 10 min kvadratmetr olan boş mənzillərin sahibləri ildə 97 min avro vergi ödəyəcək. Bu qayda banklara və iri şirkətlərə də şamil ediləcək ki, onlara məxsus girov əmlakları ya tez satsınlar, ya da icarəyə versinlər.
Yeni qaydanın tətbiq edilməsində məqsəd daşınmaz əmlak bazarında qiymətlərin süni surətdə qalxmasına mane olmaqdır. Belə ki, yeni qayda iri şirkətlərə evləri toplayıb boş saxlamağa, sonra isə qiymətləri artırmağa imkan verməyəcək.
Buna oxşar qayda Avropanın digər ölkəsində – Belçikada da tətbiq ediləcək. Belə ki, Valloni vilayətində boş qalan evlərin sahibləri 500 avrodan 12500 avroyadək cərimə ediləcək.
Yeni qaydaya əsasən evlərin boş olub-olmaması buradakı su və enerji sərfi ilə müəyyən ediləcək.
Belə ki, ildə 15 kubmetrdən az su və 100 kVtsaatdan az enerji işlədən evlər boş sayılacaq.
Vilayət rəhbərləri bildirir ki, yeni qaydanın köməyi ilə indiyədək boş qalan və istifadə edilməyən evləri əmlak bazarına qaytarmaq niyyətindədirlər. Çünki belə evlərin sahibləri cərimə ödəməmək üçün onları ya satmağa, ya da icarəyə verməyə çalışacaqlar.