Dünyada sürətlə yayılan koronavirus pandemiyası ən çox mülki aviasiya və turizm şirkətlərinə zərbə vurub. Rezervasiyaların ləğvindən sonra yerli turizmçilərin bir qismi artıq fəaliyyətin dayandırıb.
“Flame Tours & DMC” turizm şirkətinin rəhbəri Elnur Mahmudzadə FED.az-a bildirib ki, koronavirusa görə şirkətə dəyən zərər böyükdür: “Demək olar ki, 2020-ci ildən artıq gözləntimiz yoxdur. Problemin həlli avqust ayından tez gözlənilmir. Bu da ilin 8 ayını artıq itirdiyimiz anlamına gəlir. Geri qalan 4 ayda insanlar hələ gəzintiyə getməyə və ya ölkəmizə gəlməyə ehtiyat edəcəklər. Bu ilki dövriyyə hədəfimizin çox yüksək olmasına baxmayaraq, real durumda bunun 10/1-ni gözləmək belə, çətindir”.
Şirkət rəhbəri bu zərərin hansı tədbirlərin təxirə salınmasından yarandığından da danışıb: “İyunda ölkəmizdə baş tutacaq idman tədbirləri ilə bağlı 10 oteldə ya tam, ya da qismən bloklarımız var idi. Bu blokları Avropa ölkələrinə və xüsusən də Türkiyədən gələcək olan tərəfdarlara satmışdıq və satışlar davam edirdi. Təəssüf ki, bunlar da təxirə düşdü”.
Elnur Mahmudzadə turizm marşrutu üzrə ləğv olunan ölkələrin adını da açıqlayıb: “Turistlərimizin əsasən qurup şəklidə Hindistan, Türkiyə, Avropa, Rusiya və ərəb ölkələrindən gəlməsi planlaşdırılmışdı. Bundan əlavə, 2019-cu ildə Çindən dəvət etdiyimiz əməkdaşlarla əsasını qoyduğumuz Çin bazarından olan turistlər üzrə də maşrutlar var idi. Təəssüf ki, bütün turist səfərləri ləğv edildi”.
Təsisçi şirkətin əməkdaşlarını itirməmək üçün əlindən gələni edəcəyinə də diqqət çəkib: “Bu məsələ dövlətlə apardığımız müzakirələrin əsas mövzusu olub. 20 nəfər əməkdaşımız var və hələ ki, heç bir əməkdaşımızı ixtisar etməmişik və belə bir niyyətimiz də yoxdur. Bu məsələnin yalnız birlikdə öhdəsindən gələ biləcəyimizi düşünürük və komanda ruhunu yüksək tutmağa çalışırıq”.
Elnur Mahmudzadə yaranmış vəziyyətlə əlaqədar hökumətdən dəstək gözlədiklərini də qeyd edib: “Hökumət tərəfindən gözlədiyimiz dəstək əməkdaşların əməkhaqlarının (real olan) ən az 6 ay üçün ödənilməsi, icarə üçün dəstək(real müqavilədə olan məbləğ üzrə), vergi güzəştləri ilə bağli idi. İstəklərimizdən kiçik sahibkar olaraq, əmək haqqı ilə bağlı olan məsələ qismən həllini tapib, cəmi 2 ay üçün. Mikro sahibkarlar əməkhaqqı ilə yanaşı, eyni zamanda 2019-cu ildə ödədikləri vergi həcmində geri ödəmədə ala biləcəklər. Post pandemiya dövründə şirkətlərin fəaliyyətini bərpa etmək üçün güzəştli kredit imkanları nəzərdə tutulub”.
E. Mahmudzadə hazırda şirkətin fəaliyyətini tam dayandığını da vurğulayıb: “Pandemiyanın dünyadakı gedişatına əsasən, mümkün olsa, may ayında toplanıb növbəti addımları qərarlaşdıracağıq”.