Bu ilin birinci rübündə Qəbələ rayonundakı otel və mehmanxana tipli müəssisələrə 26 min 387 nəfər yerli və əcnəbi turist yerləşdirilib. Onların 17 min 812-si və ya 67,5 faizi Azərbaycan, 8 min 575-i və ya 32,5 faizi xarici ölkə vətəndaşı olub. Cari ilin ilk 3 ayında Qəbələnin otel və mehmanxanalarında yerləşən turistlərin sayı 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 878 nəfər və ya 3,2 faiz azalıb.
FED.az xəbər verir ki, bu barədə "azərtac"ın bölgə müxbirinə Qəbələ Rayon Statistika İdarəsinin rəisi Ayaz İsgəndərov məlumat verib.
İdarə rəisi bildirib ki, cari ilin ilk 2 ayında otel və mehmanxanalarda yerləşən turistlərin sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 5716 nəfər və ya 32,1 faiz artım qeydə alınsa da, koronavirus pandemiyası səbəbindən mart ayından etibarən ölkələr arasında əlaqələrin məhdudlaşdırılması turizm sektoruna da öz mənfi təsirini göstərib. Belə ki, cari ilin ilk 3 ayında Qəbələnin otel və mehmanxanalarında yerləşən əcnəbi turistlərin sayında 5472 nəfər və ya 38,9 faiz azalma qeydə alınıb. Həmin müddətdə otel və mehmanxanalarda yerləşən yerli turistlərin sayı isə ötən ilin eyni dövrü ilə müqayisədə 4594 nəfər və ya 34,7 faiz artıb.
İdarə rəisinin sözlərinə görə, bu ilin ilk 3 ayında Qəbələyə gələn əcnəbi turistlər arasında əvvəlki aylarda olduğu kimi, yenə də Səudiyyə Ərəbistanının vətəndaşları üstünlük təşkil edib. Cari ilin birinci rübündə bu ölkənin 2747 vətəndaşı Qəbələdə olub. Birləşmiş Ərəb Əmirliklərindən gələn turistlərin sayı isə 1795 nəfərə çatıb. Ümumiyyətlə, yanvar-mart aylarında Qəbələnin otel və mehmanxanalarında yerləşən turistlər arasında Küveyt, Bəhreyn, Oman, Rusiya, Hindistan, Pakistan və Türkiyədən olanlar üstünlük təşkil edib.