Pandemiya səbəbindən yay aylarında sərhədlərin bağlanması bir çox insanın səfər, eləcə də istirahət planlarının ləğvinə gətirib çıxardı. Bəzi ölkələrarası sərhədlər açılsa da, Azərbaycan mövcud şəraitə görə sərhədlərini avqustun 1-inə qədər bağlı saxlayacaq. Sonradan beynəlxalq uçuşlarla bağlı hansı qərarın veriləcəyi isə ölkəmizdəki yoluxma sayının dinamikasından asılıdır.
Eləcə də bax: AZAL-dan İstanbula əlavə - XÜSUSI REYS AÇILIR - VİDEO
Buna baxmayaraq, Azərbaycan Hava Yolları (AZAL) vəziyyəti nəzərə alaraq və Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq təcili səfər etmək istəyən vətəndaşlar üçün xüsusi reyslər təklif edir.
FED.az biznes portalı Qafqazinfo-ya istinadən pandemiya şəraitində ölkə xaricinə necə səfər edə biləcəyinizlə bağlı kiçik araşdırmanı təqdim edir:
Belə ki, hazırda Azərbaycandan 4 ölkə paytaxtına həftədə 1 və 4 dəfə olmaq şərti ilə müəyyən reyslər nəzərdə tutulub. Bu şəhərlər İstanbul, London, Berlin və son olaraq da qarşılıqlı marketinq razılaşmasına əsasən Minskdir.
Bəs bu reyslərdən kimlər və necə yararlana bilər?
Bu yaxınlarda Xalq artisti Miri Yusifin İstanbul xüsusi reysindən istifadə edərək istirahətə getməsi müzakirələrə səbəb olmuşdu. Məlumdur ki, biletlər satışa çıxarıldıqdan qısa müddət sonra ekonom sinfə aid olanlar satılıb tükənir. Biletlərin belə sürətlə tükənməsinin bir səbəbi tələbatın yüksək olmağıdırsa, digər səbəbi analoji olaraq bu işlə məşğul olan tur şirkətlərinin cəld tərpənərək müəyyən sayda biletləri kütləvi əldə etməsidir. Elə Miri Yusif özü də turizm şirkətinin köməyindən faydalandığını açıqlamışdı.
Bildiyimiz kimi, pandemiya səbəbindən Azərbaycandan yerinə yetirilən reyslərin sərnişinlərindən TƏBİB tərəfindən akkreditasiya olunmuş laboratoriyalarda icbari qaydada testdən keçmək tələb olunur. Həmçinin digər ölkələrdən Azərbaycana uçuş zamanı koronavirus testinin mənfi nəticəsini təsdiq edən arayış təqdim etmək lazımdır. Əks təqdirdə sərnişinlər uçuşa buraxılmır. Koronavirus testinin keçirilməsini təsdiq edən arayış reysin uçuşundan ən gec 48 saat əvvəl alınmalıdır.
Azərbaycandan təşkil olunan uçuşlarda iştirak edəcək sərnişinlər üçün testlər aşağıdakı klinikalarda aparılır:
- Referans kliniki laboratoriya mərkəzi;
- Leyla klinikası;
- Memorial klinikası
- Bona Dea xəstəxanası;
- İnci laboratoriyası;
- Bakı Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi (XTİNM);
- Kaspian Hospital;
- UltraLab.
Bundan başqa, şirkət tələbələrə güzəştlərdən yararlanmaq şansı da təklif edir. Belə ki, İstanbul-Bakı, London-Bakı və yaxud Berlin-Bakı istiqamətində 30% güzəştdən istifadə etmək istəyən tələbələr aviabiletləri fərdi qaydada rəsmiləşdirməlidir.
Bakıdan nəzərdə tutulan uçuşlar üçün sərnişinlərə laborator testdən başqa xüsusi bir tələb qoyulmayıb.
İyul-avqust aylarında Azərbaycandan hansı ölkələrə və hansı qiymətlərlə uçmaq olar?
Yuxarıda qeyd etdiyimiz kimi, hazırda sadəcə 4 istiqamət (İstanbul, London, Berlin və Minsk) üçün xüsusi reyslər təçkil olunur.
Bakı-İstanbul-Bakı marşrutu
Artıq bir müddətdir ki, bu marşrut üzrə reysləri həyata keçirən AZAL aviareyslərin tezliyini artıraraq həftədə iki reysdən dörd reysədək qaldırıb (çərşənbə axşamı, cümə axşamı, şənbə və bazar günləri).
Tariflər avqustun sonunadək yerinə yetirilməsi planlaşdırılan xüsusi reyslərin satışı üçün tətbiq edilən tariflərlə analojidir. Belə ki, Bakı-İstanbul reysi üçün iyul ayına təklif olunan səfərlərin qiyməti ekonom sinfi üçün 381 AZN, yüksək xidmət sinfi üçün isə 1191 AZN nəzərdə tutulub.
Türkiyə Hava Yolları vasitəsilə isə təklif olunan qiymətlər ekonom sinfi üçün 391 AZN, yüksək xidmət sinfi üçün isə 1928 AZN-dir.
İstanbul-Bakı reysinə Azərbaycan vətəndaşları ilə yanaşı aşağıdakı şəxslər buraxılır:⠀
- Azərbaycanda akkreditə olan xarici diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri, əməkdaşları və onların ailə üzvləri;
- Valideynlərdən biri, həyat yoldaşı və ya azyaşlı övladı Azərbaycan Respublikası vətəndaşı olan əcnəbilər;
- Azərbaycanda işləmək icazəsi olan əcnəbilər;
- Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq icazəsi olan əcnəbilər;
- Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələr.
Həmçinin, Bakı-İstanbul reysinə biletləri Azərbaycan, Türkiyə və digər dövlətlərin vətəndaşları olan, həmin ölkələrə daxil olmaq hüququna malik olan şəxslər əldə edə bilər.
Bakı-London-Bakı marşrutu
Azərbaycanın milli aviadaşıyıcısı iyulun 16-dan avqustun 27-dək həftədə bir dəfə (cümə axşamı) Bakı-London-Bakı marşrutu üzrə xüsusi reyslər yerinə yetirəcək.
Bu reys ilə Böyük Britaniyaya giriş hüququ olan sərnişinlər daşınacaq. Bundan əlavə, həmin ölkənin yeni qaydalarına əsasən uçuşdan 48 saat əvvəl https://www.gov.uk/provide-journey-contact-details-before-travel-uk saytında onlayn qaydada anket doldurulması tələb olunur. Qeyd edilən müddətdə anket doldurulmadığı halda Londonun “Hitrou” hava limanının miqrasiya orqanının əməkdaşları sərnişini 100 funt sterlinq məbləğində cərimə edə bilər.
London-Bakı reysinə Azərbaycan vətəndaşları və ölkəmizdə daimi yaşayış üçün icazəsi olan digər dövlətlərin vətəndaşları buraxılacaq.
Hava yolları şirkətinin saytında iyul və avqust ayları üçün Bakı-London və ya London-Bakı sərəflərinin qiyməti ekonom sinfi üçün 770 AZN, yüksək xidmət sinfi üçün isə 1539 AZN nəzərdə tutulub.
Bakı-Berlin-Bakı marşrutu
İyulun 17-dən etibarən isə AZAL Bakı-Berlin-Bakı marşrutu üzrə xüsusi reyslər həyata keçirməyə başlayacaq. Uçuşlar avqustun 28-dək həftədə bir dəfə - cümə günləri həyata keçiriləcək. Həmin marşrut üzrə aviabilet satışı xüsusi şərtlərə riayət edilməklə reallaşacaq.
Bakı-Berlin reysi ilə Almaniyada daimi və ya müvəqqəti yaşamaq hüququ olan sərnişinlər (tələbələr daxil olmaqla), habelə Avropa İttifaqı ölkələrinin vətəndaşları daşınacaq.
Berlin-Bakı reysinə isə Azərbaycan vətəndaşları və Azərbaycanda daimi yaşayış üçün icazəsi olan digər dövlətlərin vətəndaşları buraxılacaq.
Hava yolları şirkətinin saytında iyul ayı üçün Bakı-Berlin və ya Berlin-Bakı sərəflərinin qiyməti ekonom sinfi üçün 603 AZN, yüksək xidmət sinfi üçün isə 1372 AZN nəzərdə tutulub.
Bakı-Minsk marşrutu
Son olaraq, AZAL-la marketinq tərəfdaşlığı əsasında iyul ayında "Belavia" aviaşirkəti Bakı-Minsk reyslərini həyata keçirəcək.
Belə ki, bu gündən etibarən uçuşların tezliyi həftədə iki dəfə – cümə və bazar günləri olmaqla ümumilikdə yeddi reys yerinə yetirilməsi planlaşdırılır.
Aviabiletləri həm www.azal.az saytında, həm də www.belavia.by saytından əldə etmək mümkündür.
Bakı-Minsk reysi ilə Belarusa giriş hüququ olan sərnişinlər daşınacaq. Minskdən transfer reysi ilə üçüncü ölkəyə gedən sərnişinlər təyinat ölkəsinin giriş qaydalarına əsasən reysə buraxılacaq.
Biletlərin qiymətlərinə gəldikdə isə yay aylarında Bakıdan təşkil olunan uçuşlar üzrə ən uyğun məbləğlər bu reyslər üçün təklif olunub. Belə ki, bilet qiymətləri iyul ayı üçün 680 manat nəzərdə tutulsa da, avqust ayında 296 manata ekonom sinfinə bilet tapmaq mümkündür.