Azərbaycanın milli aviadaşıyıcısı AZAL Gürcüstana səfər etməyi planlaşdıran sərnişinləri ölkəyə giriş zamanı qüvvədə olan tələblər haqqında yenidən xatırlatma edir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2026-cı il yanvarın 1-dən etibarən Gürcüstana daxil olan bütün xarici vətəndaşlar üçün tibbi sığorta polisinin mövcudluğu ilə bağlı tələb qüvvəyə minib. Bu tələb Gürcüstana turizm, işgüzar və ya tranzit məqsədilə səfər edən sərnişinlərə şamil olunur.
Qaydalara əsasən, Gürcüstana səfər edən xarici vətəndaşlar ölkədə olduqları müddət ərzində — giriş tarixindən çıxış tarixinədək qüvvədə olan tibbi sığorta və bədbəxt hadisələrdən sığorta polisi ilə təmin olunmalıdırlar. Sığorta təminatının minimum məbləği 30 000 gürcü larisi (GEL) təşkil etməlidir.
Sığorta polisi Gürcüstanın və ya xarici ölkələrin sığorta şirkətləri tərəfindən rəsmiləşdirilə bilər. Sənəd elektron və ya kağız formatında təqdim olunmalı, gürcü və ya ingilis dilində tərtib edilməlidir.
Aviaşirkət sərnişinlərə cərimələrin, gecikmələrin və ya əlavə prosedurların qarşısını almaq üçün tibbi sığortanı uçuşdan öncə rəsmiləşdirməyi tövsiyə edir.
AZAL bildirir ki, reysə qeydiyyat zamanı sərnişinlərin sığorta polisinin yoxlanılması yalnız ölkəyə giriş qaydaları barədə öncədən məlumatlandırma məqsədini daşıyır.
Yeni tələb Gürcüstanın “Turizm haqqında” Qanunu və Gürcüstan hökumətinin “Gürcüstana gələn turistlərin icbari sağlamlıq və bədbəxt hadisələrdən sığorta qaydaları və şərtlərinin təsdiq edilməsi haqqında” qərarına əsasən tətbiq edilir.











