"E-tender" portalında dövlət qurumları ilə inteqrasiyalar genişləndirilib, bu da dövlət satınalmaları prosesində məlumat mübadiləsinin sürətləndirilməsinə və sahibkarlar üçün inzibati prosedurların sadələşdirilməsinə imkan yaradıb.
FED.az xəbər verir ki, bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Aparat rəhbərinin müavini Orxan Məmmədov "Rəqəmsal Maliyyə Ekosistemi: İdarəetmədə Yeni Mərhələ" adlı konfransda deyib.
Onun sözlərinə görə, "E-tender" portalı bir sıra mühüm dövlət qurumlarının sistemləri ilə inteqrasiya olunub. Bu inteqrasiyalar özəl sektor sahibkarları üçün rahatlıq və operativlik yaradır, müxtəlif sənədlərin əldə edilməsi zamanı qarşıya çıxan maneələrin aradan qaldırılmasına imkan verir.
O bildirib ki, ən mühüm yeniliklərdən biri Maliyyə Nazirliyi ilə birgə maliyyə sistemində həyata keçirilən elektron müqavilə inteqrasiyasıdır. Bu inteqrasiya satınalma prosesi zamanı məlumat mübadiləsinin daha operativ və səmərəli aparılmasına şərait yaradır.
O. Məmmədov qeyd edib ki, "E-tender" portalında şərtlər toplusu tam elektronlaşdırılıb. Bütün zəruri məlumatlar sistemə daxil edilir və təchizatçılar həmin məlumatlar əsasında öz təkliflərini elektron formatda təqdim edə bilirlər. Məlumatlar maşın tərəfindən oxuna bilən (machine-readable) formatda hazırlanır.
Onun sözlərinə görə, satınalma prosesi başa çatdıqdan dərhal sonra müvafiq məlumatlar elektron müqavilə alt sisteminə ötürülür. Müqavilə imzalandıqdan sonra isə onun məlumatları avtomatik olaraq yenidən portala daxil edilir və sistemdə əks olunur.
"Portalda həyata keçirilən yeniliklərdən biri də şikayətlərin bilavasitə portal vasitəsilə göndərilməsi funksiyasıdır. Bundan sonra təchizatçılar Dövlət Agentliyinə müraciətlərini birbaşa portal vasitəsilə təqdim etmək, onların icra gedişatını izləmək və nəticəni elektron formada almaq imkanına malikdirlər. Şikayət yönəldilən zaman şikayətçi öz müraciətini müvafiq satınalma müsabiqəsinə bağlaya bilir və bu yolla nəzarət orqanı tərəfindən satınalma prosesinin qiymətləndirilməsi aparılarkən şikayətdə göstərilən məqamlar nəzərə alınaraq prosesə təhlil verilir", - O. Məmmədov əlavə edib.














