"Azərenerji" Açıq Tipli Səhmdar Cəmiyyəti 110 kV-luq “Naxçıvan Şəhər” yarımstansiyasından çıxan 110 kV-luq elektrik verilişi xəttinin kabel xətləri ilə əvəzlənməsi işlərinin satın alınması ilə bağlı keçirdiyi tenderin nəticəsini açıqlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin qalibi “Azconstruction” QSC (VÖEN: 1902376131) şirkəti seçilib.
Qalib şirkətlə 6 664 555 manat məbləğində müqavilə bağlanıb. Qeyd edək ki, tenderin ehtimal olunan qiyməti 6 997 728 manat təşkil edirdi.
Məlumat üçün bildirək ki, “Azconstruction” QSC bundan əvvəl də "Azərenerji"nin çoxmilyonluq layihələrini icra edib:
18 iyul 2025-ci il tarixində "Naxçıvan" və "Çeşməbasar" yarımstansiyalarının yenidən qurulması, habelə Naxçıvan enerji baş idarəsinin tikintisi üzrə 46 572 066 manatlıq;
3 sentyabr 2024-cü il tarixində isə bir sıra kiçik su elektrik stansiyalarının (KSES) yenidən qurulması və enerji sisteminə inteqrasiyası üzrə 40 507 432 manatlıq tenderlərin qalibi olub.
Qeyd edək ki, “Azconstruction” QSC 2015-ci ildə yaradılıb, nizamnamə kapitalı 2 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Təranə Əliyeva Tahir qızıdır. Hüquqi ünvanı AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, ev 187b ünvanında yerləşir.












