Təhsil Nazirliyi yeni informasiya sistemlərinin yaradılması üçün tenderin nəticəsini açıqlayıb.
FED.az xəbər verir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən “Yeni informasiya sistemlərinin yaradılması və mövcud informasiya sistemlərində təkmilləşdirilmə xidmətlərinin satınalınması” məqsədilə keçirilən tenderin nəticələri məlum olub.
Tenderin qalibi “Edumedia-Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Müqavilənin ümumi dəyəri 1 milyon 646 min 195 manat 50 qəpik təşkil edir.
Qeyd edək ki, Təhsil Nazirliyinin tabeliyindəki idarənin bir neçə tenderini də daha öncə də “Edumedia-Azərbaycan” MMC udub
-
Elektron təhsil resursları – 1 milyon 957 min 866 manat 62 qəpik (01.05.2025)
-
Elektron təhsil resurslarının satın alınması – 1 milyon 958 min 591 manat 73 qəpik (27.09.2024)
-
Yeni informasiya sistemlərinin yaradılması və mövcud informasiya sistemlərində təkmilləşdirilmə – 1 milyon 804 min 999 manat 98 qəpik (18.09.2024)
-
“Təhsildə inkişaf və innovasiyalar üzrə Qrant müsabiqəsi” (grants.edu.az) platformasının yaradılması və idarə olunması – 401 min 853 manat 72 qəpik (28.04.2023)
-
STEAM avadanlıqlarının satın alınması – 1 milyon 822 min 43 manat 90 qəpik (21.11.2022)
Beləliklə, son üç il ərzində “Edumedia-Azərbaycan” MMC-nin Təhsil Nazirliyinin tabeliyindəki qurumdan aldığı tenderlərin ümumi məbləği təxminən 9 milyon 600 min manatdan çox təşkil edir.
Qeyd edək ki, “Edumedia-Azərbaycan” MMC 2011-ci ildə yaradılıb, nizamnamə kapitalı 60 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Orxan Abasov Rafis oğludur. Hüquqi ünvanı AZ1102, Bakı şəhəri Nəsimi rayonu, 20 Yanvar, ev 19 B, m. 29 ünvanında yerləşir.













