Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ibtidai və orta sinif şagirdləri üçün dərsliklərin istehsalı ilə bağlı ümumi dəyəri 6.378.208 manat olan iki ayrı tenderin nəticələrini açıqlayıb.
Nazirlikdən 2,5 milyon manatlıq çap sifarişi - BU ŞİRKƏTƏ GETDİ
FED.az xəbər verir ki, tenderlərin qalibi olan nəşriyyatlar artıq dərsliklərin çapına başlayacaq.
5-6-cı siniflər üçün nəzərdə tutulan böyük ölçülü dərsliklərin çapı üzrə tenderin qalibi “Təhsil” Nəşriyyat Poliqrafiya MMC (VÖEN: 130037949) olub. Bu işin ümumi dəyəri 3.103.103 manat təşkil edir.
Qeyd edək ki, “Təhsil” Nəşriyyat Poliqrafiya MMC 2007-ci ildə yaradılıb, nizamnamə kapitalı 204 401 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Tural Axundov Bəhruz oğludur. Hüquqi ünvanı AZ1052, Bakı şəhəri Nərimanov rayonu, Fətəlixan Xoyski pr., ev 121 A ünvanında yerləşir.
Digər tender isə 1-2-ci sinif dərsliklərinin istehsalı ilə bağlıdır. Bu müsabiqənin qalibi “Çaşıoğlu Elm-İstehsalat” MMC (VÖEN: 1300069061) olub. Şirkətə tapşırılan çap işlərinin dəyəri 3.275.105 manatdır.
Qeyd edək ki, “Çaşıoğlu Elm-İstehsalat” MMC 1995-ci ildə yaradılıb, nizamnamə kapitalı 3 980 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Ülfət Hüseynov Hikmət oğludur. Hüquqi ünvanı AZ1073, Bakı şəhəri Yasamal rayonu, Ələsgər Ələkbərov, ev 18A, m. 12 ünvanında yerləşir.