Bu gün Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən elan edilmiş üç tender ləğv edilib.
Ağstafadan 844 minlik mənzil alışı planı - KAĞIZ ÜSTÜNDƏ QALDI
FED.az xəbər verir ki, tenderlərin ləğvi barədə ətraflı izahat verilməsə də, dövlət satınalmaları elektron portalında qısa qeyd formasında bildirilib ki, tenderlər nəzarət orqanının qərarı ilə ləğv edilib.
Ləğv olunan ilk tender Azərbaycan Ordusunun hərbi hissələri üçün müxtəlif ölçülü ildırımötürücülərin quraşdırılması ilə birlikdə satın alınmasını (Lot 2) nəzərdə tuturdu. Bu satınalma üzrə ehtimal olunan qiymət 3.110.038,28 AZN idi. Müsabiqə 28 yanvar 2025-ci il, saat 16:08-də dərc olunmuş, təkliflərin təqdim olunması və zərflərin açılması 11 mart 2025-ci il, saat 10:57-yə təyin edilmişdi.
İkinci tender isə eyni təyinatlı – müxtəlif ölçülü ildırımötürücülərin quraşdırılması ilə birlikdə satın alınmasını əhatə edirdi, lakin bu dəfə ehtimal olunan qiymət 3.097.707,03 AZN təşkil edirdi. Bu tender 28 yanvar 2025-ci il, saat 15:58-də dərc edilmiş, təkliflərin və zərflərin açılış tarixi 3 mart 2025-ci il, saat 11:00 idi.
Üçüncü ləğv edilən tender Azərbaycan Ordusunun hərbi hissələri üçün odun sobalarının satın alınması ilə bağlı idi. Daha kiçik büdcəli olan bu tenderin ehtimal olunan dəyəri 130.702,50 AZN idi. Müsabiqə 28 yanvar 2025-ci il, saat 17:59-da dərc olunmuş, təkliflərin təqdim olunması və zərflərin açılışı 20 fevral 2025-ci il, saat 11:00-da baş tutmalı idi.
Son olaraq qeyd edək ki, ləğv edilən üç tender üzrə ümumi satınalma dəyəri 6.338.447,81 AZN təşkil edib.