Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin elan etdiyi növbəti tender gözlənilmədən ləğv edilib.
“Azəristiliktəchizat”ın 310 min manatlıq layihəsinə veto! - DETALLAR
FED.az xəbər verir ki, respublikanın bir sıra məktəbəqədər təhsil müəssisələrində təmir, abadlıq və kommunal-kommunikasiya işlərini əhatə edən bu iri layihənin ehtimal olunan dəyəri 9.785.089,53 AZN idi. Satınalma üzrə müsabiqənin dərc olunma tarixi 05.05.2025 18:35, təkliflərin təqdim olunması üçün son tarix isə 05.06.2025 16:00 idi. Həmin gün və saatda, yəni 05.06.2025 16:00 tarixində zərflərin açılması da planlaşdırılmışdı.
Lakin tender prosesinə erkən müdaxilə edilib və rəsmi şəkildə ləğv olunub. Ləğvin səbəbi kimi satınalmanın maliyyələşdirilməsinin dayandırılması göstərilib ki, bu da qanunvericiliyə uyğun olaraq 36.1.6 maddəsinə əsasən tenderin dayandırılmasına əsas verir. Əsas səbəb isə iş həcmləri cədvəlinin düzgün tərtib edilməməsi olub. Bu texniki qüsur tender sənədlərindəki ciddi çatışmazlıq kimi dəyərləndirilib və nəticədə bütün prosesin dayandırılması ilə yekunlaşıb.
Xüsusilə 10 milyona yaxın bir məbləğin əhatə etdiyi təmir və abadlıq işlərinin təxirə salınması, bu sahədəki planların yenidən nəzərdən keçirilməsi ehtiyacını ortaya qoyur. Gələcəkdə bu tenderin yenidən elan ediləcəyi və ya başqa formada həyata keçiriləcəyi barədə hələlik rəsmi açıqlama verilməyib.