Azərbaycan Respublikası Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin Informasiyalaşdırılması İdarəsi tərəfindən elan edilən iki ədəd tender yekunlaşıb.
Təhsil müəssisəsinə maşın satmaq istəyən 3 şirkət tapılmadı - TENDER LƏĞVƏ GETDİ
FED.az xəbər verir ki, birinci tender çərçivəsində "Texno Lyuks M" MMC (VÖEN: 2905154871) ilə təhsil müəssisələrinin yüksəksürətli internet şəbəkəsinə qoşulması, müəssisə daxili şəbəkənin genişləndirilməsi və genişləndirmə zamanı şəbəkənin dayanıqlığının təmin olunması üzrə müqavilə imzalanıb. Bu xidmətin dəyəri 4 271 495 AZN təşkil edir.
İkinci tender isə ümumtəhsil məktəblərinin yüksəksürətli internet şəbəkəsinə qoşulması və şagirdlərin distant təhsilə cəlb olunması məqsədilə həyata keçirilib. Bu layihə fiber-optik kabellərin məktəblərə çəkilməsi və internetlə təmin olunmasını nəzərdə tutur. Bu tenderində qalibi yenə "Texno Lyuks M" MMC olub. Qalib şirkətlə imzalanan müqavilənin məbləği 2 498 535 AZN-dir.
Beləliklə iki tender üzrə dövlət qurumu 6 770 030 AZN dəyərində sifariş verib.
Qeyd edək ki, “Texno Lyuks M” MMC bu sahədə artıq kifayət qədər təcrübəyə malik bir təchizatçıdır. Şirkət əvvəllər də Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən keçirilmiş bir neçə iri tenderdə qalib olmuşdur.
Belə ki, 7 oktyabr 2024-cü il tarixində keçirilən tender çərçivəsində şirkət həm təhsil müəssisələrinin yüksəksürətli internet şəbəkəsinə qoşulması və daxili şəbəkənin genişləndirilməsi ilə bağlı avadanlıq və proqram təminatı alışına dair 4 857 121 AZN məbləğində, həm də ümumtəhsil məktəblərinin fiber-optik şəbəkəyə qoşulmasına dair 3 987 898 AZN məbləğində müqavilələr imzalamışdır.
Bundan əlavə, 8 sentyabr 2023-cü il tarixində keçirilmiş təkliflər sorğusu nəticəsində “Texno Lyuks M” MMC, təhsil şəbəkəsinin genişləndirilməsi və bu məqsədlə müxtəlif İKT avadanlıqlarının, o cümlədən İP telefoniya və məlumat hesablama cihazlarının satın alınması üzrə 8 413 132 AZN dəyərində müqavilə imzalayıb.
Şirkətin ilk qalibiyyəti isə 24 oktyabr 2022-ci il tarixində keçirilmiş tenderə aiddir. Həmin tender nəticəsində şirkət Vahid Azərbaycan Təhsil Şəbəkəsinin genişləndirilməsi və yeni qoşulmalar üçün kabel, proqram təminatı və İP telefoniya avadanlıqlarının alınması üzrə 8 366 750 AZN həcmində müqavilə imzalamışdır. Beləliklə şirkət 2022-ci ildən bu günümüzədək 32 394 931 AZN dəyərində tenderlərin qalibi olub.
Qeyd edək ki, "Texno Lyuks M" MMC 2018-ci ildə yaradılıb, nizamnamə kapitalı 50 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Emin Əliyev Arif oğludur. Hüquqi ünvanı AZ1012, Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 24, mənzil 12 ünvanında yerləşir.