Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən içməli suyun satın alınması ilə bağlı elan edilmiş tender ləğv edilib. Bu barədə Dövlət Satınalmaları Portalında məlumat yer alıb.
Bakının 11 rayonu abadlaşacaq, 57 milyon manatlıq - TENDERLƏR ELAN EDİLDİ
Tenderin ləğv edilməsinə səbəb, qanunvericiliyin 36.1.1-ci bəndinə əsasən, müsabiqədə iştirak etmək üçün tələb olunan sayda – yəni üçdən az – təklifin daxil olmasıdır. Belə ki, təklifi və təklifin təminatını təqdim etmiş, həmçinin müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olub.
Tenderin ehtimal olunan dəyəri isə 49.224,44 manat təşkil edirdi.
Müsabiqə 14 mart 2025-ci il saat 15:04-də elan edilmiş, təkliflərin təqdim olunması üçün son tarix isə 16 aprel 2025-ci il saat 16:00 göstərilmişdi. Həmin tarixdə həmçinin təklif zərflərinin açılması da planlaşdırılırdı.
Müsabiqənin şərtlərinə əsasən alınması nəzərdə tutulan məhsullar aşağıdakı kimi idi:
-
18 litrlik dispenser üçün birdəfəlik istifadə üçün mineral su – 6.500 ədəd
-
0,33 litrlik şüşə qabda premium qazsız mineral su – 600 ədəd
-
0,33 litrlik pet qabda qazsız mineral su – 2.000 ədəd
-
1 litrlik pet qabda qazsız mineral su – 600 ədəd
Bununla belə, tender iştirakçı sayının az olması səbəbilə rəqabətli mühit formalaşmadığından və qanunla müəyyən olunmuş minimum iştirakçı sayı təmin edilmədiyindən, AYNA satınalma prosesini dayandırmaq məcburiyyətində qalıb.
Hazırda agentlik tərəfindən bu ehtiyacların necə qarşılanacağı və yenidən tender elan olunub-olunmayacağı barədə məlumat verilmir. Gözləntilər ondan ibarətdir ki, AYNA yaxın müddətdə yenidən elan verə bilər.