Azərbaycanın işğaldan azad olunmuş bölgələrində infrastruktur layihələri sürətlənir. Bu dəfə diqqət mərkəzində Laçın şəhərində reallaşdırılması nəzərdə tutulan kanat yolu layihəsidir.
İşçiləri 8 ay yeməklə təmin edəcək - QİDA TENDERİ UDULDU - MƏBLƏĞ
FED.az xəbər verir ki, "Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi" PHŞ bu layihə ilə bağlı iki iri tenderə yekun vurub.
Hər iki tenderin qalibi "Archico" MMC (VÖEN:1501701551) olub. Şirkət Laçında tikiləcək kanat yolunun həm layihələndirilməsini, həm də avadanlıqlarının alınaraq çatdırılmasını həyata keçirəcək.
Birinci müqavilə üzrə, kanat yolunun layihələndirilməsi xidməti 427.160 manata başa gələcək. Bu mərhələdə texniki çertyojlar, mühəndis həlləri və ümumi planlaşdırma işləri yerinə yetiriləcək.
İkinci və əsas müqavilə isə 20.135.402 manat məbləğində bağlanıb və kanat yolunun tikintisi üçün avadanlıqların alınması və çatdırılmasını əhatə edir. Buraya kanat sistemləri, dirəklər, kabinlər və digər mühüm texniki avadanlıqlar daxildir. Həmçinin bu mərhələdə infrastrukturun fiziki qurulması işlərinə start veriləcək.
Ümumi dəyəri 20.5 milyon manatı keçən tenderlər, işğaldan azad olunan ərazilərin turizm və nəqliyyat baxımından inkişafı üçün mühüm addım hesab olunur.
Qeyd edək ki, tenderin qalibi olan “Archico” MMC 2010-cu ildə yaradılıb, nizamnamə kapitalı 50 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Cavad Musayev Musa oğludur. Hüquqi ünvanı AZ1078, Bakı şəhəri, Nərimanov rayonu, Yusif Vəzir Çəmənzəminli küçəsi, ev 14A ünvanında yerləşir.