Oktyabr ayının 12-də Tokyonun Adaçi qəsəbəsində yerləşən məktəbdə Dünya Azərbaycanlıları Assambleyasının Yaponiya nümayəndeliyinin rehberi Əlibəy Məmmədov tərəfindən “Mənim Ana Vətənim, Azərbaycanlıların gündəlik həyat tərzi və mədəniyyəti” mövzusunda seminar keçirilib.
DAA Metbuat Xidmetindən Fed.az-a verilən məlumata görə, Ə. Məmmədov yapon dilində ilk öncə Azərbaycanın qədim tarixi, mədəniyyəti, müstəqillik illəri, siyasi sistemi haqqında ümumi məlumat verərək, Azərbaycanda İslam dininə inanan insanların çoxluq təşkil etdiyini və ölkəmizdə din və siyasət bir-birindən ayrı olduğunu bildirmişdir.
Ə. Məmmədov bildirib ki, azərbaycanlıların tarixi sadəcə ölkə daxilində yaşayan insanlarla məhdudlaşmır. Azərbaycanlılar tarixi bir neçə əsr ərzində bütün dünyaya yayılıb. O, tarixən bütün dünyaya səpələnmiş azərbaycanlıların xarici ölkələrdə fəal şəkildə diaspora fəaliyyəti ilə məşğul olduğu haqqında məlumat verərək, bu işdə Dünya Azərbaycanlıları Assambleyasının xüsusi rol oynamağa başladığını qeyd edib.
Sonda xüsusilə son 3 ildə sürətli inkişaf yolu keçmiş Yaponiya-Azərbaycan əlaqələri haqqında məlumat verilərək, son illər xüsusilə mədəni əlaqələr və iki ölkə arasında insan mübadiləsinin sürətlənməsinin xoş hal olduğu vurğulanıb.
Seminarda hər iki ölkə arasında yüksək səviyyəli insanların qarşılıqlı səfərləri haqqında danışılaraq, bu işdə xüsusilə 2015-2016-cı illərdə Azərbaycandan Milli Məclisin Sədri Oktay Əsədov, Baş Nazirin Müavini Əli Həsənov, Prezidentin köməkçisi, Prezident Aparatının İctimai-siyasi məsələlər üzrə şöbə müdiri Əli Həsənovun Yaponiyaya səfərləri, Yaponiya tərəfdən isə Baş Nazirin Müavini eyni zamanda Maliyyə Naziri Taro Asonun, Nazir Amari Akiranın və digər yüksək rütbəli şəxslərin səfərlərinin xüsusi əhəmiyyət daşıdığı və iki ölkə arasında siyasi sferada yaxınlaşmanın olmasından xəbər verdiyi bildirilib.
Ə. Məmmədov qeyd edib ki, Tokyo məktəblərində müntəzəm olaraq hər ay 2-3 dəfə Azərbaycanla bağlı analoji dərslərin keçirilməsi və yaponiyalı şagird və müəllim heyətində Azərbaycana xüsusi rəğbət və sevginin yaradılması planlaşdırılır.