Azərbaycan təhsilindən tək Azərbaycan vətəndaşları deyil, həm də digər dövlətlərin vətəndaşları yararlanırlar. Onlar Azərbaycanda yerləşən universitetlərdə oxuyaraq, arzularını gerçəkləşdirirlər. Hətta Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışlarının birində bildirmişdi ki, bu gün xarici ölkə vətəndaşlarının Azərbaycanda təhsili üçün yeni-yeni təşəbbüslər irəli sürülür və gerçəkləşdirilir. Həmçinin Azərbaycanda təhsil alan əcnəbi tələbələrə dövlət səviyyəsində diqqət göstərilir.
Eləcə də bax: Azərbaycanda keçid balına görə ən güclü universitetlər - REYTİNQ
FED.az bildirir ki, mənbə ölkəmizdə nə qədər xarici tələbənin təhsil aldığını, nə qədərinin uğur qazandığını araşdırmağa çalışıb. Bu məqsədlə əvvəlcə Təhsil Nazirliyinə sorğu göndərilib.
Göndərdiyimiz sorğuya cavab olaraq bildirilib ki, 2017/2018-ci tədris ilində 2800-dən çox əcnəbi Azərbaycan ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb. ATU, Azərbaycan Rəssamlıq Akademiyası (ARA), AzMİU və ADNSU əcnəbilər tərəfindən ən çox müraciət olunan universitetlərdən olub. Əcnəbilər 2017/2018-ci tədris ilində mühəndislik, əczaçılıq, memarlıq, psixologiya ixtisaslarına və dil hazırlıq kurslarına üstünlük veriblər. Onların əksəriyyəti Türkiyə, Gürcüstan, İran, İraq, Banqladeş və Rusiyadan Azərbaycana təhsil almağa gələn tələbələrdir.
Xaricdən ölkəmizə təhsil almağa gələn tələbələrin Azərbaycanda qalıb, işləmələri ilə bağlı isə heç bir məlumatlarının olmadığı qeyd olunub: “Bu barədə Təhsil Nazirliyində qeydiyyat aparılmadığından hər hansı məlumat yoxdur”.
Təhsil eksperti Kamran Əsədov isə düşünür ki, ölkəmizdə təhsil alan əcnəbilərin sayına baxanda, dünyanın inkişaf etməkdə olan ölkələri ilə müqayisədə nəticənin ürəkaçan olmadığı görünür: “Məsələn, Sinqapurun ərazisi Bakının yarısı boydadır. Amma buna baxmayaraq, Sinqapurun iki universitetində əcnəbi tələbələrin sayı ildə 80 min nəfər olur. Türkiyədə xaricdən gəlib təhsil alanların sayı 850 min, Rusiyada isə 240 min nəfərə çatır”.
“Azərbaycandan xaricə gedib orada təhsil alanların sayı ölkədə təhsil alan əcnəbilərin sayından qat-qat çoxdur. Bu günə kimi olan statistikaya görə, Türkiyədə təhsil alan azərbaycanlıların sayı 15 min, keçmiş MDB ölkələrində təhsil alanlar 24 min, Avropa ölkələrində isə təhsil alan vətəndaşlarımızın sayı 40 mini keçir” – deyə Əsədov qeyd edib.
Ekspertin fikrincə, ölkə xaricindən Azərbaycana tələbə gəlməsinin müsbət tərəfləri çoxdur: “İlk olaraq bildirim ki, bu hal universitetlərin reytinqinə təsir göstərir. Azərbaycanda olan 54 universitetin heç biri dünyanın reytinq cədvəlində yer almayıb. Bunun üçün xaricdən gələn tələbələrin sayı kifayət qədər olmalıdır. Eyni zamanda əcnəbi tələbələr ölkə ərazisində pul xərcləyirlər”.
Əsədov düşünür ki, xarici tələbələrin ölkə ərazisində pul xərcləməsi üçün öncə təhsil haqqını aşağı salmaq lazımdır: “Türkiyədə xarici tələbələr üçün təhsil haqqı yerli vətəndaşlarla müqayisədə daha azdır. Bunun əvəzində əcnəbi tələbə kirayə və digər ehtiyaclarının ödənilməsi üçün pul sərf edəcək. Ancaq bizdə isə yerli vətəndaşlar üçün təhsil haqqı 2000-3000 manat arasında dəyişir, əcnəbilər isə 5000 manat ödəməlidirlər. Təbii ki, belə olan halda əcnəbi tələbəyə Azərbaycanda təhsil almaq sərf etmir. Bu baxımdan, yerli universitetlərin öz siyasətlərində dəyişiklik etməsi və əcnəbi tələbələrin cəlbi istiqamətində müvafiq tədbirlər həyata keçirməsi vacibdir”.
Ekspert onu da vurğulayıb ki, Azərbaycana öz ölkələrində ali təhsil almaları mümkün olmayan əcnəbilər gəlir: “Onlar öz ölkələrində çox aşağı nəticə göstərirlər və ali təhsil almaq şanları, demək olar ki, olmur. Ona görə də Azərbaycan kimi ölkələrə üz tuturlar. Çünki burda əcnəbilərin ali məktəbə qəbul olması və başa vurması çox rahatdır”.
Kamran Əsədov Azərbaycanda vaxtilə təhsil almış əcnəbi tələbələr barədə də məlumat verib: “Əgər XX əsrin 70-80-ci illərində Azərbaycanda ali təhsil alan əcnəbilər sonra öz ölkələrinə gedib nüfuzlu vəzifələrdə çalışırdılar, bu gün isə belə deyil. XX əsrin 80-ci illərində Azərbaycanda ali təhsil almış yüzlərlə şəxs indi öz ölkələrində yüksək postlarda çalışırlar. İndi bitirənlər isə daha çox özəl xidmət sektorunda işləyirlər. Bildiyim qədər, Anqola prezidenti ADNA məzunu olub. Afrikada Azərbaycanda təhsil almış vəzifə sahibləri çoxdur”.