Azərbaycan vətəndaşlarının xaricdə təhsil almalarına dair seçim meyarları və prosedurlarını təsdiqlənib. Belə qərarı Nazirlər Kabineti verib.
Eləcə də bax: Xaricdə təhsil almağa göndərilən gənclər belə seçiləcək – YENİ QƏRAR, QAYDALAR
FED.az bildirir ki, qaydalar Prezident İlham Əliyevin fevralın 28-də gənclərin xarici ali təhsil müəssisələrində iki təhsil pilləsi - bakalavr və magistr üzrə təhsillərinin maliyyələşməsi haqqında sərəncamına əsasən qəbul edilib.
Proqrama müraciət nə vaxtdan başlayır?
Artıq proqram çərçivəsində sənəd qəbuluna start verilib və iyunun 27-nə qədər arzuedənlər müraciət edə bilərlər.
5 illik proqram üzrə hər il 400 gəncin xarici ölkələrə təhsil almağa göndərilməsi nəzərdə tutulub.
Qəbul zamanı üstünlük magistr təhsil pilləsinə veriləcək. Hər il xaricdə oxumağa gedəcək 400 nəfərin 320 nəfəri magistr, 80-i isə bakalavr təhsili üzrə nəzərdə tutulacaq.
Gənclər 15 prioritet istiqamət üzrə xaricdə təhsil ala biləcəklər.
Prioritet sahələr belə müəyyənləşdirilib: informasiya texnologiyaları, mühəndislik, statistika və verilənlərin təhlili, fundamental və tətbiqi elmlər, təhsil, ətraf mühit, aviasiya və kosmos, dövlət idarəetməsi, nəqliyyat və logistika, energetika, iqtisadiyyat, maliyyə, arxitektura və dizayn, kənd təsərrüfatı.
Proqram çərçivəsində hansı xərclər qarşılanır?
2022-2026-cı illəri əhatə edən proqram tam təqaüd verir və təhsil, viza və təhsil aldığı ölkədə qeydiyyat, aylıq yaşayış, tibbi sığorta xərcləri, beynəlxalq nəqliyyat, bank və plastik kart xərclərini qarşılayır.
Bakalavr təhsili üçün meyarlar nədir?
Bakalavr təhsili üzrə seçim zamanı üstünlük beynəlxalq olimpiadada qalib olan gənclərə veriləcək. Bu şəxslər universitetə müraciət sənədini və dil sertifikatını və digər sənədləri təqdim etməklə müsahibədən kənar, birbaşa xaricdə təhsil alma şansı qazanacaqlar.
Bundan əlavə, digər iştirakçılardan fərqli olaraq, beynəlxalq olimpia qaliblərindən DİM imtahan nəticəsi də tələb edilməyəcək.
Ümumi meyarlar isə bunları əhatə edir:
- müraciətçi 11-ci sinifdə olmalı və ya tam orta təhsil almalıdır.
- xarici ali təhsil müəssisəsinə qəbul olunmaq, ixtisasın Azərbaycan Təhsil Nazirliyinin müəyyənləşdirdiyi prioritet sahəyə və ali məktəbə uyğunluğu, xarici ali təhsil müəssisəsinin tədris dilini ən azı C1 səviyyəsində bilməsinə dair beynəlxalq səviyyəli dil sertifikatına (ALPT, DUOLINGO, CILS, DELE, DELF, HSK, IELTS, JLPT, TestDAF, TOEFL, TOPIK, TÖMƏR) bilmək də ümumi meyarlara aiddir.
- Bundan başqa, müraciətçi tələbə qəbulu üzrə aparılan qəbul imtahanları çərçivəsində texniki və texnoloji, təbiət, kənd təsərrüfatı, səhiyyə, rifah və xidmət, əsas (baza ali) tibb təhsili və xüsusi təyinatlı ixtisas qrupları üzrə yekun olaraq ən azı 400, digər sahələr üzrə ən azı 550 bal toplamalıdır.
Bakalavr səviyyəsi üçün hansı sənədlər lazımdır?
- Ümumitəhsil müəssisələrinin buraxılış sinfində təhsil aldığına dair arayış və ya tam orta təhsil haqqında attestatın surəti;
- Qəbul sənədi - ingilis, rus və türk dillərindən başqa digər dillərdə olan sənədlərin notariat qaydasında təsdiq edilmiş Azərbaycan dilinə tərcüməsi təqdim edilməlidir;
- Beynəlxalq səviyyəli dil sertifikatının surəti;
- Hərbi bilet və ya ASAN xidmətdən əldə olunan hərbi xidmətdən möhlət hüququ haqqında arayış;
- DİM qəbul imtahanının nəticəsi;
- Sağlamlıq haqqında arayış - Sağlamlıq haqqında arayışın forması AZS-086/1 olmalıdır;
- Olduğu təqdirdə, beynəlxalq təhsil proqramının (IB, Alevel, AP) göstəricisini təsdiq edən arayışın surəti;
- Əgər müraciət edən şəxs beynəlxalq olimpiada qalibidirsə, o zaman qalib (bürünc, gümüş, qızıl) olduğunu təsdiq edən sənədin surəti;
- Beynəlxalq səviyyədə tanınan imtahan (SAT/ACT) göstəricisini təsdiq edən arayışın surəti.
Magistr təhsili üçün meyarlar nədir?
Namizəd ya bakalavrın son pilləsində olmalı, ya da tam bakalavr təhsilinə sahib olmalıdır.
Müraciətçidən xarici ali təhsil müəssisəsinə qəbul olunmaq, ixtisasın Azərbaycan Təhsil Nazirliyinin müəyyənləşdirdiyi prioritet sahəyə və ali məktəbə uyğunluğu, o cümlədən xarici ali təhsil müəssisəsinin tədris dilini ən azı C1 səviyyəsində bilməsinə dair beynəlxalq səviyyəli dil sertifikatı tələb olunur.
Xarici dil olaraq ALPT, DUOLINGO, CILS, DELE, DELF, HSK, IELTS, JLPT, TestDAF, TOEFL, TOPIK, TÖMƏR beynəlxalq səviyyəli dil göstəricilərindən biri seçilə bilər.
Bundan başqa, müraciətçinin Ümumi Orta Müvəffəqiyyət Göstəricisi azı 81 bal olmalıdır.
Magistr səviyyəsi üçün hansı sənədlər lazımdır?
- Bakalavr diplomunun surəti/hazırda sonuncu tədris ilində təhsil aldığını sübut edən müvafiq arayış;
- Bakalavr təhsili xarici universitetdə alındığı təqdirdə, xarici ali təhsilə aid kvalifikasiyanın tanınmasına dair şəhadətnamə;
- Qəbul sənədi -- ingilis, rus və türk dillərindən başqa digər dillərdə olan sənədlərin notariat qaydasında təsdiq edilmiş Azərbaycan dilinə tərcüməsi;
- Tövsiyə məktubları - ən azı 2 ədəd;
- Beynəlxalq səviyyəli dil sertifikatının surəti;
- Transkriptin surəti - ÜOMG (Ümumi Orta Müvəffəqiyyət Göstəricisi) göstərilməklə;
- Hərbi bilet və ya ASAN xidmətdən əldə olunan hərbi xidmətdən möhlət hüququ haqqında arayış;
- Sağlamlıq haqqında arayış - Sağlamlıq haqqında arayışın forması AZS-086/1 olmalıdır;
- Əgər müraciətçi “Yüksəliş” müsabiqəsinin qalibidirsə, o zaman tələbə bunu təsdiq edən sənədin surətini təqdim etməlidir. “Yüksəliş müsabiqəsi”nin qalibi olmuş namizədlər ÜOMG tələbindən və müsahibə mərhələsindən azaddır.
Müraciət prosesi necədir?
Proqrama müraciətlər elektron ərizə sistemi vasitəsi ilə həyata keçirilir. Müraciət etmək üçün bu linkə daxil olmalısınız.
Lakin elektron ərizəni doldurmağa başlamamışdan əvvəl müvafiq təhsil səviyyəsi üzrə tələb olunan bütün sənədlərin elektron surətlərini hazırlamağınız tövsiyə olunur.
Tələbələrin öhdəliyi olacaqmı?
Qərara əsasən, xaricdə təhsil proqramından uğurla keçən tələbələrlə müqavilə imzalanacaq. Təhsilin maliyyələşdirilməsini tənzimləyən müqavilə çərçivəsində tələbələr də bir sıra öhdəliklər götürəcəklər.
Bu öhdəliyə görə, bu proqramdan yararlanan tələbə təhsilini bitirdikdən sonra ölkəyə qayıdaraq 5 il işləməlidir. (BBC.COM)