"2019-2020-cu tədris ili üçün qəbul planı Nazirlər Kabineti tərəfindən təsdiqlənib. Qərara əsasən, ötən ilə nisbətən bu il ali təhsil müəssisələrinə qəbul planında 6,4 % artım nəzərdə tutulub".
FED.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev deyib.
Onun sözlərinə görə, ötən il 45 599 nəfərlik yer ayrılmışdısa, bu ilki qəbul planında 48 506 nəfərlik yer ayrılıb.
Nazirlik rəsmisi əlavə edib ki, kollec məzunlarının bu il ali məktəbə qəbul şansı çox olacaq: "Adətən qəbul planının dolma göstəricisi 90% olur və 4-5 min plan yeri boş qalır. Nəzərə alaq ki, ötən ilə nisbətən bu il orta məktəbi bitirənlərin sayı 7-8 min azdır. Bu da kollec məzunlarının şansını artırır".
Dövlət İmtahan Mərkəzinin Hüquqi təminat və insan resursları şöbəsinin müdiri Nərminə Bayramov isə bildirib ki, kollec məzunları ali məktəblərə minimal 200-250 balla qəbul ola biləcəklər: "Hər il müsabiqə zamanı ixtisas üzrə bal şərti 200-250 bal arası olur. Bu məsələdə də həmin şərt nəzərə alınacaq. I qrupda abituriyentin müsabiqəyə buraxılması üçün hansı bal nəzərdə tutulubsa, onu da nəzərə alacağıq. Hesab edəcəyik ki, həmin adam minimal balı toplayıb və müsabiqədə iştirak edəcək".