Bu gündən ali və orta ixtisas təhsil müəssisələrində əyani tədrisə başlanılıb. İlyarımlıq fasilədən sonra nəhayət ki, universitet və kolleclər qapılarını tələbələrin üzünə açıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən, yaşı 18-dən yuxarı olan tələbələrdən tədris binalarına daxil olmaq üçün COVID-19 pasportu tələb olunur.
Eləcə də bax: Tələbələrin universitetə girişi belə - Tənzimlənəcək
Yeni tələb bu gün ali məktəblərin qarşısında böyük izdihama səbəb olub. İzdiham əsasən tələbə sayı daha çox olan ali məktəblərin önündə qeydə alınıb. Kütləvi toplaşma isə pandemiya qaydalarına ziddir. Bu da o deməkdir ki, bu qədər insanın kütləvi toplaşması koronavirusun yayılması üçün real təhlükə mənbəyi ola bilər.
FED.az xəbər verir ki, həkim-infeksionist Ləman Qalimova deyib ki, sıx toplaşmalar yoluxma sayının artmasına səbəb ola bilər: “Düzdür, açıq havada yoluxma riski az olsa da, payız mövsümündə havaların soyuq olması mövsümi xəstəliklərin artmasına zəmin yaradır. İnsanlar mövsümi qripə yoluxur və immun sistemi artıq zəifləməyə doğru gedir. Yaxşı olar ki, təhsil müəssisələri 18 yaşdan yuxarı tələbələrin COVID-19 pasportlarını yoxlamağa təhkim olunmuş işçi sayını artırsınlar və yaxud da bunu bir proqramlı şəkildə etsinlər ki, insanlar çox gözləmək və toplaşmaq məcburiyyətində qalmasınlar”.
Təhsil eksperti Kamran Əsədov isə bildirib ki, uzun müddətli fasilədən sonra belə sıxlığın olması gözlənilən idi: “Açıqlanan rəqəmlərə nəzər salsaq, təxminən 200 min tələbənin yaşı 18-dən yuxarıdır. Bu qədər tələbənin COVID pasportlarının yoxlanılması sıxlığı qaçılmaz edirdi. Təəssüf ki, bəzi universitetlər prosesi axara buraxaraq qabaqlayıcı tədbirlər görmürlər. Nazirlər Kabinetinin qərarı dərslər başlamamışdan xeyli əvvəl verildiyindən müəyyən tədbirlərin görülməsi üçün kifayət qədər vaxt var idi. Bakıda yerləşən universitetlərdə çox sayda tələbə təhsil alır. Bir çox universitetlərin isə yoxlanış üçün avadanlıqları belə yoxdur. Problemi dünya təcrübəsinə istinadən həll etmək lazım idi. Təklif etmişdik ki, xüsusi proqram təminatlı avadanlıqlar quraşdırılsın. Nəzərə alaq ki, COVID pasportları hər gün yoxlanılacaq, deməli, hər gün də bu izdiham, sıxlıq müşahidə olunacaq”.
“Əvvəldən təklif etmişdik ki, təhsil müəssisələrinə giriş bir neçə qapıdan tənzimlənsin. Tələbələrə də əvvəldən məlumat verilməlidir ki, fakültələr üzrə dərs saatı fərqli vaxtlarda olmalıdır. Təhsil müəssisələrinə girişdə uzaqdan üz tanıma proqramı təmin edilməlidir. Bununla tələbənin temperaturu yüksək olmadığı təqdirdə proqram vasitəsilə içəri rahat keçə biləcək. Acınacaqlı hal odur ki, hələ də əl üsulu ilə temperatur ölçmə məsələsi qalır. Eləcə də bir işçi mobil telefon vasitəsilə pasport məsələsini yoxlayır. Halbuki COVID pasportu olanların adları sistemdə var. "Face kontrol" vasitəsilə bu işi rahat təşkil etmək olar. Bu qədər ləng yoxlanış sistemi tələbə gecikməsinə və nəhayət onlara qaib yazılmasına səbəb olacaq. Ona görə də "face kontrol" sistemi olan təhsil müəssisəsində tələbə hər gün yoxlanışdan keçmək məcburiyyətində qalmaz. Bu, həm də növbə yaranmasının qarşısını alacaq. Bir tələbənin yoxlanışı ən tezi 5 dəqiqəyə yaxın vaxt almış olur. Minlərlə tələbənin yoxlanılması isə uzun müddət vaxt itkisi deməkdir” – deyə, təhsil eksperti əlavə edib.
Bu gün əyani tədrisin bərpa olunduğu Bakı Dövlət Universitetinin (BDU) qarşısında yaranan izdiham sosial şəbəkələrdə müzakirə mövzusu olub.
Ali təhsil müəssisələrində tədrisin hansı qaydada təşkili məsələsi onların öz ixtiyarına buraxılmışdı. Bəs ali məktəblərdə kütləviliyin qarşısının alınması üçün hansı tədbirlər görülüb?
BDU əyani tədrisin bərpa olunması ilə yaşı 18-dən yuxarı olan tələbələrin koronavirus pasportlarının yoxlanılması səbəbindən təhsil müəssisəsinin qarşısında yaranan izdihama aydınlıq gətirib. Belə ki, universitetin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Günel Orucəliyeva bildirib ki, universitetdə tələbələrin sayının çoxluğu, həmçinin birinci kursların ilk dərs gününə valideynləri və yaxınları ilə gəlmələri binanın qarşısında izdihamın yaranmasına səbəb olub: “Mühafizəçilərin universitet ərazisindən kənara nəzarət etməyi mümkün deyil. Amma hər bir korpusda və fakültələrdə tələbələrin vaksin pasportunun olub-olmaması fərdi qaydada yoxlanılır, sosial məsafənin gözlənilməsinə riayət edilir”.
BDU Elmi Şurasının qərarı ilə, COVID-19 pandemiyası ilə əlaqədar tələbə sıxlığının aradan qaldırılması məqsədilə, mövcud maddi-texniki bazanı, auditoriya fondunu və auditoriyaların tutumunu, habelə 2021-ci ildən başlayaraq BDU-da “BLACKBOARD” elektron təhsil sisteminin tətbiqi ilə mühazirə dərslərinin onlayn formada keçirilməsi üçün müvafiq şəraitin olduğunu nəzərə alaraq, mühazirə dərsləri “BLACKBOARD” platforması üzərindən onlayn formada, məşğələ və laboratoriya dərsləri isə ənənəvi qaydada keçiriləcək. Əyani formada dərslər iki növbədə olmaqla keçiriləcək.
Azərbaycan Texniki Universitetinin (AzTU) mətbuat katibi Sevinc İsgəndərova isə deyib ki, universitetdə tədris həm ənənəvi, həm də onlayn təşkil olunub: “Həftənin 1, 3 və 5-ci günləri dərslər onlayn olacaq. Həmin günlər mühazirə dərsləri keçiriləcək. Məşğələ dərsləri isə həftənin 2-ci və 5-ci günləri ənənəvi formada təşkil ediləcək. Sentyabrın 29-u 3-cü gün olduğu üçün 2, 3 və 4-cü kursların dərsləri onlayn təşkil olunacaq. I kurslar isə universitetə tanışlıq üçün dəvət olunub. Birinci kursların əksəriyyətinin 18 yaşı tamam olmadığı üçün onlardan COVID-19 pasportu tələb olunmur. Girişdə dezinfeksiya tuneli də quraşdırılıb ki, qurğu tələbələrin həm temperaturunu ölçür, həm də dezinfeksiya edir”.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) mətbuat katibi Cavid Hüseynov deyib ki, universitetin 4 tədris binası və 5 bölgə filiallarında ənənəvi tədris bərpa olunub: “Qaydalara uyğun olaraq 18 yaşı tamam olan tələbələrdən və əməkdaşlardan vaksin pasportu, immunitet pasportu və ya əks göstəriş sənədi tələb olunur. Nazirlər Kabinetinin qaydalarına tam ciddi riayət olunması üçün fakültələrdə dərslər tələbə sayı və auditoriya tutumundan asılı olaraq 2 və ya 3 növbədə təşkil olunur. Universitetin fakültələrində də eyni qaydada tələbə sayından və auditoriya tutumundan asılı olaraq müxtəlif kurslar və ixtisaslarda mühazirələr onlayn qaydada təşkil olunacaq. Bu baxımdan fakültələrdə dərslərin üst-üstə düşməməsi üçün müxtəlif fakültələrdə müxtəlif günlərdə (həftədə 2 gün) dərslər onlayn təşkil olunur. Bəzi hallarda şənbə günləri də onlayn dərslər təşkil olunacaq. Bu gün dərslərin ilk günü olsa da, izdiham qeydə alınmayıb. Giriş çıxışlarda sosial məsəfa, maska və digər qaydalara tam riayət olunub”.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən (ADNSU) də bildirilib ki, tələbələrin universitetə giriş-çıxışı zamanı sıxlığın qarşısını almaq məqsədi ilə universitetin korpuslarında 5 alternativ giriş-çıxış fəaliyyət göstərir: “Hər bir tələbənin əyani və onlayn dərslərdə bərabər qaydada iştirakını təmin etmək məqsədilə tələbələrin dərslərdə əyani və ya onlayn formatda iştirakı alt-üst həftələr üzrə müəyyən edilib. Bu qayda 15 nəfərdən az olan qruplara şamil olunmur. Eyni zamanda dərslər arasında fasilə zamanı tələbələrin yerdəyişmələrinin intensivliyini və dəhlizlərdə sıxlıq yaranmaması məqsədilə tələbələrin gün ərzinidə bütün dərsləri eyni otaqlarda keçməsi və müəllimlərin auditoriyalara gəlməsi nəzərdə tutulub”.
Digər təhsil müəssisələrində də demək olar eyni tədris qrafiki icra olunur.
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov isə bildirib ki, bu məsələlərin tənzimlənməsi işini ali təhsil müəssisələri özləri həll etməlidir.
Qeyd edək ki, 2021-2022-ci tədris ilində ali təhsil müəssisələrinin bakalavriat pilləsi üzrə 171 820 nəfər, magistratura pilləsi üzrə 16 920 nəfər, orta ixtisas təhsil müəssisələrində 57 693 nəfər, peşə təhsili müəssisələrində 24 623 tələbənin təhsil alacağı proqnozlaşdırılıb. (Report)