“Kölgə iqtisadiyyatı problemi paradoksal səslənsə də bütövlükdə təhsil sisteminin məhsulu olan mütəxəssislər tərəfindən yaradılıb və eləcə də təhsil sisteminin məhsulu olan mütəxəsisslər tərəfindən həmin problem həll edilməyə çalışılır. Bu faktın özü təhsildə ziddiyətin olduğunu bir daha təsdiqləyir və göstərir ki, təhsil sistemi öz məzunlarına bilikdən başqa digər vacib keyfiyyətlərin də, mən deyərdim dəyərlərin aşılanmasında hələ də zəifdir.
Rəqəmsal iqtisadiyyat və eləcə də bu gün müzakirə olunan gizli iqtisadiyyat baxımından ən vacib olan bir məqam. Əminəm ki, siz mənimlə razılaşacaqsınız. Bu təhsildə dəyər məsələsidir. Təsadüfi deyil ki, mən çıxışımı da təhsildə dəyərlərdən başladım. Universitetlər təkcə biliyə deyil, həm də dəyərlərə fokuslanmalı və onu təmin etmək yollarına daha çox diqqət ayırmalıdırlar.
Bəllidir ki, dəyərlərin güclə bərqərar edilməsi həmişə uğursuzluqla nəticələnir. Icazə verin Amazon şirkətinin rəhbəri Cef Bezosun 2010-cu ildə Prinstonda etdiyi çıxışdan bir tezislə öz çıxışımı tamamlayım. Onun çıxışı belə adlanır: “Bizi biz edən - seçimlərimizdir”.
Bezos çıxışını qəmli hekayə ilə başlayır. Bezos 10 yaşında baba və nənəsilə səyahətə çıxır. O, hesablayır ki, 2 dəqiqə siqaret çəkməsi nənəsinin ömrünü 9 il azaldır. Bu haqda o, nənəsinə deyəndə, nənəsi ağlayır. Babası maşını saxlayır və balaca Bezosa yumşaq formada deyir: “Nə vaxtsa sən başa düşəcəksən ki, xeyirxah olmaq ağıllı olmaqdan çətindir”.
Bu hadisəni danışan Bezos deyir: “Ağıl – istedaddır, xeyirxahlıq isə seçımdir. Istedadla bağlı hər şey bəllidir və sadədir, o, bizə, verilib. Seçim isə çox çətin ola bilər”.
Əminik ki, universitetlər bu əsas fərqi mənimsəməkdə öz tələbələrinə yardım etməlidirlər və onları həvəsləndirməlidirlər ki, tələbələr heç olmasa hərdən aglı yox, xeyirxahlığı seçsinlər. Düşünürəm ki, bu gün bu əsas vəzifədir”.
Bu fikirləri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov Vergilər Nazirliyi, Azərbaycan İqtisadçılar İttifaqı və Azərbaycan Respublikası Auditorlar Palatasının birgə təşkil etdiyi "Kölgə iqtisadiyyatına qarşı mübarizə - iqtisadi inkişafın mühüm amili kimi" adlı tədbirdə çıxışı zamanı bildirib.