“Azərbaycan Sənaye Korporasiyası” ASC ilə Azərbaycan Dövlət İqtisad Universiteti arasında təhsil, elm və təlim-tədris sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədi Korporasiyanın baş direktoru Kamran Nəbizadə və Universitetin rektoru Ədalət Muradov və imzalayıblar.
FED.az xəbər verir ki, sənədə əsasən Dövlət İqtisad Universiteti (UNEC) tələbələri “Azərbaycan Sənaye Korporasiyası” ASC və onun törəmə müəssisələrində təcrübə keçəcəklər.
İmzalanma mərasimində UNEC rektoru Ədalət Muradov bildirib ki, müasir təhsil sistemi real iqtisadiyyatın tələblərinə uyğun olmalıdır və bu uyğunluğun da əsasını məhz birgə əməkdaşlıqlar təşkil edir. Ali təhsil müəssisələrində hazırlanan kadrların real iqtisadi mühitdə, əmək bazarında formalaşdığını vurğulayan Universitetin rektoru qeyd edib ki, real mütəxəssislərin hazırlanması məhz real əməkdaşlıqlardan asılıdır.
“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin yaranma tarixi və hazırki fəaliyyətindən bəhs edən Korporasiyanın baş direktoru Kamran Nəbizadə öz növbəsində qeyd edib ki, Cəmiyyətin qarşısında duran əsas məqsədlərdən biri müəssisələrdə işin düzgün təşkili, rentabelliyi yüksəltmək, istehsalı genişləndirmək, müəssisələr arasında əməkdaşlığı gücləndirməkdir. İxtisaslı və peşəkar kadrlar bu məqsədlərin əldə edilməsində böyük rol oynayır. Korporasiyanın baş direktoru onu da bildirib ki, Memorandumun uğuru bu anlaşmanın ikitərəfli şəkildə fəal icrasından asılıdır.
İqtisad Universitetini bitirən məzunların “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin mütəxəssis bazasına daxil olması, həmin Universitetin üç tələbəsinə Cəmiyyət tərəfindən təqaüd ayrılması və bu ali təhsil ocağı tərəfindən Korporasiya, eləcə də onun törəmə müəssisələrində çalışan mütəxəssislər üçün ixtisasartırma kurslarının təşkili təməli qoyulan bu əməkdaşlığın vacib və əhəmiyyətli məqamlarındandır.
"UNEC" in tələbələri zavodda praktika keçəcək
15:28
21 İyun 2019