Bu gün Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 90 illik yubileyi qeyd edilir.
Eləcə də bax: UNEC dünyanın ən yaxşı - 250 universiteti sırasında!
FED.az xəbər verir ki, yubiley münasibətilə təəssüratlarını Modern.az-la bölüşən prorektor Anar Rzayev UNEC-in uğurları, gələcək planları barədə əməkdaşımızın suallarını da cavablandırıb. Prorektorla müsahibəni təqdim edirik:
- Anar müəllim, UNEC-in 90 illiyi münasibətilə təsdiq edilən tədbirlər planının həyata keçirilməsi pandemiya dövrünə, xüsusi karantin rejiminə təsadüf etdi. Yubiley tədbirlərinin reallaşdırılması üçün hansı addımlar atılır?
- UNEC-in 90 illiyi ilə əlaqədar universitetdə tədbirlər planı imzalanıb. Burada tədbirlərin, görüşlərin keçirilməsi, «Azərbaycan Dövlət İqtisad Universiteti-90», «UNEC Rektorları», «UNEC-in tanınmış məzunları» kitablarının hazırlanması, konfransların keçirilməsi və başqa çox saylı tədbirlər nəzərdə tutulub. Qeyd etmək istəyirəm ki, tədbir planında olan bütün tədbirlər qrafikə uyğun onlayn formada həyata keçirilir və dayandırılmayıb. UNEC-in yeni təhsil kompleksinin açılışı və istifadəyə verilməsi də nəzərdə tutulub.
- Koronavirus pandemiyasına görə, ölkədə onlayn təhsilə keçid qərarı verildikdə, bu prosesə hazır olan ali məktəblərdən bəlkə də birincisi UNEC oldu. Bununla bağlı fikirləriniz maraqlıdır.
- UNEC-də distant təhsillə bağlı işlər 2018-ci ildə başlayıb. Belə ki, 2018-ci ildə universitetdə 20 min tələbəyə təhsil vermək iqtidarında olan «UNEC Extern Mərkəzi» istifadəyə verilib. Universitetdə Təhsilin Elektron İdarəetmə sistemi olan EDUMAN yaradılıb və tam tətbiq edilib. EDUMAN sisteminin çərçivəsində universitetdə tədris edilən bütün fənlərin elektron versiyaları yaradılıb və sistemə yüklənib. Elektron jurnallar, tələbə və müəllim kabinetləri formalaşdırılıb, müəllim və tələbələrin fənn çərçivəsində elektron kabinetlər vasitəsilə ünsiyyəti təmin edilib. Bütün bunlar universitetlərdə tədris prosesinin dayandırıldığı gündən sonra qısa (bir həftə) müddətdə əvvəlcə Extern Mərkəzindən, karantin sərtləşəndən sonra isə evdən dərslərin tam təşkil edilməsinə və tədris prosesinin davam etdirilməsinə imkan yaratdı. UNEC-də cədvəl və akademik təqvim üzrə bütün dərslər təşkil edildi. Hazırda isə distant imtahanlar təşkil edilir.
- Prezident İlham Əliyev “Microsoft” şirkətinin təşəbbüsü ilə keçirilən videokonfransda qeyd etdi ki, pandemiya ilə əlaqədar bu vəziyyət bizi məcbur edir ki, təhsil, distant təhsil məsələlərinə yeni bucaqdan baxaq. Bu məsələdə UNEC qabaqcıl təcrübəsini digər ali təhsil ocaqları ilə bölüşə bilərmi?
- Biz daim digər universitetlərdəki həmkarlarımızla əlaqədəyik və qarşılıqlı fikir və təcrübə mübadiləsi həyata keçiririk. Bu əlaqələr həm Təhsil Nazirliyi, həm də birbaşa ünsiyyət vasitəsilə həyata keçirilir. Düşünürəm bu istiqamətlə bütün qüvvələrin səfərbər olması və qeyd etdiyim kimi, qarşılıqlı təcrübə mübadiləsi ən yaxşı nəticə verə bilər.
- Ölkə başçısı onu da qeyd etdi ki, biz sentyabrın 15-dən başlayacaq yeni tədris ilinə hazırlaşmalıyıq. Yeni tədris ilində distant təhsilin inkişafı ilə bağlı UNEC-in yeni planları olacaqmı?
- Qeyd etmək istəyirəm ki, UNEC-də yeni tədris ilində tədrisin təşkilinin alternativ ssenariləri hazırlanır və qısa müddətdə müzakirə ediləcək. Sistemdə dəyişikliklər, əlavələr və təkmilləşdirmələr aparılır. Distant dərslərin metodikası üzərində araşdırmalar və dünyada olan və yeni yaranan ən yaxşı təcrübələr araşdırılır. Qeyd etdiklərim yeni tədris ilində tətbiq ediləcək.
- Universitetin gələcək inkişafı üçün hansı planlar nəzərdə tutulub?
- UNEC-də «UNEC-100 İnkişaf Strategiyası» qəbul edilib. Strategiyada 7 hədəf və 31 strateji məqsəd müəyyən edilib. Bizim əsas hədəfimiz dünyanın ən yaxşı 500 universiteti sırasına daxil olmaqdır. Əminən ki, bu hədəf də nail ola biləcəyik.