Dövlət İqtisad Universiteti - UNEC-də 3 yeni ikili diplom proqramının təqdimatı keçirilib. FED.az xəbər verir ki, tədbirdə UNEC rəhbərliyi ilə yanaşı, Təhsil Nazirliyi, Fransa səfirliyi, təhsil ekspertləri və digər universitetlərin əməkdaşları iştirak edib.
Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli bildirib ki, bildirib ki, UNEC Azərbaycan universitetləri arasında ikili diplom proqramlarının sayına görə liderdir.
Fransa səfirliyinin mədəniyyət müşaviri və Fransa-Azərbaycan İnstitutunun direktoru Johan Schittererin bildirib ki, UNEC Fransanın Montpellier Universiteti ilə uğurlu ikili diplom proqramı reallaşdırdırır. O, proqramda iştirak edən UNEC tələbələrinin potensialının çox yüksək olduğunu və ən yaxşı nəticələr göstərdiklərini deyib.
Tədbirdə UNEC-in ABŞ-ın Linkoln Universiteti ilə ikili diplom proqramı reallaşdırması münasibətilə Linkoln Universitetinin rektorunun təbrik videoçarxı nümayiş olunub.
UNEC-in prorektoru Anar Rzayev isə yeni dərs ilindən etibarən reallaşdırılacaq 3 yeni ikili diplom proqramı barədə təqdimatla çıxış edib. Yeni proqramlar Fransanın paytaxtı Parisdə yerləşən Fransa və ABŞ-ın birgə təhsil müəssisəsi olan ICD Beynəlxalq Biznes Məktəbi ilə bakalavr, ABŞ-ın Linkoln Universiteti və Fransanın Montpellier Universitetil ilə MBA və magistratura pilləsi üzrə ikili diplom proqramlarının şərtlərini açıqlayıb.
Tədbirdə bildirilib ki, UNEC hazırda London Universiteti London İqtisadiyyat Məktəbi, Fransanın Montpellier Universiteti, İsveçrənin UBİS (Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti) Universiteti ilə ikili diplom proqramları reallaşdırır. Rusiyanın Moskva Dövlət Humanitar İqtisad Universiteti ilə isə ikili diplom proqramı artıq yekun mərhələsindədir. Ötən il Montpelier Universitetindən UNEC-in 5 tələbəsi, bu il isə 13 tələbəsi məzun olub. Magistr pilləsi üzrə İsveçrənin UBİS Universitetindən məzun olan UNEC-in 4 magistrinə diplomlar təqdim olunub.