Dünya Biznes Mələkləri İnvestisiya Forumu (WBAF) ilə Azərbaycan Dövlət İqtisad Universiteti arasında əməkdaşlıq memorandumunun imzalanması mərasimi keçirilib.
"Məqsədimiz dünyanın ən yaxşı 500 universiteti sırasında yer almaqdır"
Universitetdən FED.az-a verilən xəbərə görə, tədbirdə Dünya Biznes Mələkləri İnvestisiya Forumunun sədri Baybars Altuntaş, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev, rektor professor Ədalət Muradov, dövlət və özəl qurumların, eləcə də universitetin struktur rəhbərləri iştirak ediblər.
Rektor Ədalət Muradov UNEC ilə WBAF dünyada ilk dəfə olaraq birgə “Mələk İnvestor” üzrə Mini MBA proqramının açılacağını bildirib. Həmçinin müəllim və tələbələrin WBAF Maliyyə İnkluziya Mərkəzinin (Financial Inclusion Center) vasitəsilə dünyanın 132 ölkəsindən investorlarla əlaqə yaratmaq imkanı qazanacaqlarını diqqətə çatdırıb. Ə.Muradov bu əməkdaşlığın universitetdəki startap hərəkatının inkişafına və beynəlmiləlləşməsinə böyük təkan verəcəyini qeyd edib. O, Bəhreyn universitetləri ilə UNEC-in əlaqələrinin genişləndiriləcəyini, müəllim-tələbə heyətinin Forumun elektron kitabxana bazasına çıxış imkanı əldə edəcəyini də vurğulayıb. Həmçinin UNEC-də Forumun Regional Əməkdaşlıq mərkəzinin yaradılmasını təklif edib.
Dünya Biznes Mələkləri İnvestisiya Forumunun sədri Baybars Altuntaş Forumun 132 ölkədə 1400 partnyorunun olduğunu bildirib. Universitetlərlə əməkdaşlığa daha çox üstünlük verdiklərini deyən B.Altuntaş, UNEC ilə əməkdaşlığın yalnız universitetə deyil, regiona böyük töhfələr qazandıra biləcəyini deyib.
ASK prezidenti Məmməd Musayev ölkənin sosial iqtisadi-inkişafı istiqamətində Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulan vəzifələrdən danışıb. Hər zaman ilklərə imza atan UNEC-in WBAF ilə əməkdaşlığının bu sahəyə qazandıra biləcəyi önəmli məqamları açıqlayıb.
Sonra Dünya Biznes Mələkləri İnvestisiya Forumunun sədri Baybars Altuntaş və rektor professor Ədalət Muradov arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənədə əsasən, UNEC-də “Mələk İnvestor” üzrə Mini MBA proqramı açılacaq, müəllim və tələbələr WBAF Maliyyə İnkluziya Mərkəzinin xidmətlərindən ödənişsiz istifadə imkanı əldə edəcəklər. Memorandumda tələbələrə sahibkarlıq bacarıqlarının aşılanması, “smart” maliyyənin inkişaf mexanizminin öyrədilməsi, eləcə də qlobal iqtisadiyyatın formalaşması istiqamətində yeni startapların yaradılması və sahibkarların cəlb edilməsi məqsədilə təlimlərin keçirilməsi əks olunub. Memorandum çərçivəsində UNEC “Mələk İnvestor” kitabının Azərbaycan dilinə tərcüməsi və çap hüququnu da əldə edib.