«Hamı bilir ki, test üsulu ilə imtahanlarda hər kəsin biliyi düzgün qiymətləndirilir. Və bu biliyə uyğun olaraq da imtahan verən şəxs yer tutur».
FED.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə Real TV-yə müsahibəsində deyib.
Qeyd edək ki, son günlər sosial şəbəkələrdə test üsulunun ləğv ediləcəyi barədə məlumatlar yayılır. Amma DİM rəhbəri bildirib ki, test üsulunun ləğvi nəzərdə tutulmur.
«Test üsulu dedikdə kim nə başa düşür?! Test - biliyin qiymətləndirilməsi üzrə bir alətdir. Bununla bağlı elmi müzakirələr aparılır, amma məişət danışıqlarında test üsulu ilə bağlı müzakirə deyəndə elə başa düşülür ki, imtahanların kütləvi və mərkəzləşmiş və şəffaf şəkildə keçirilməsi bitəcək. Və bunu ali məktəblər özləri həyata keçirəcək. Burada nə məzmun nə də tapşırıqların dəyişməsi heç kimi maraqlandırmır. Yalnız o maraqlandlırır ki, qərar qəbul edən şəxs kim olacaq».
DİM rəhbəri bildirib ki, indi imtahanlarda qərar qəbul edəcək şəxs yoxdur, bunu alqoritmlər həyata keçirir: «Müəyyən alqoritmlər və qaydalar var və hamı başa düşür ki, bu prosesə qoşulursa, biliyi düzgün qiymətlənldiriləcək, biliyə uyğun olaraq hansısa yeri tutacaq».
DİM rəhbəri bildirib ki, test üsulu ilə biliklər obyektiv qiymətləndirilir: «Burada bilik səviyyəsi sistemlə, şəffaf şəkildə qiymətləndirilir. Kiminsə kiməsə daha asan və daha çətin suallar verməsi imkanları yoxdur».
Onun sözlərinə görə, imtahanların liberallaşdırılması və təkmilləşdirilməsi prosesi gedir, amma bu test sisteminin ləğvi deyil:
«Doğrudur, imtahanların liberallaşdırılması prosesi gedir. Bura olimpiada qaliblərinin qəbulu, idmançsıların qəbulu, subbakalavrların ali məktəbə qəbulu və sair aiddir. Bundan başqa, taprışıqların təqdim olunması forması və ya məzmunu, proqram dəyişir, belə də olmalıdır. Amma test üsulunun ləğvindən söhbət getmir».
DİM rəhbəri belə məlumatların yayılması ilə bağlı da fikirlərini açıqlayıb: «Bu sistem qurulub, kimsə istəyirsə bu sistem pozulsun və ali məktəblərə qəbul kiminsə istəyinə görə həyata keçirisin. Və qəbuledici şəxs konkret insanlar olsun».
Onun sözlərinə görə, hazırki qanunvericilikdə qəbulun test sistemi ilə aparılması nəzərdə tutulub və bunu dəyişmək kimində istəyindən asılı deyil: «Kiminsə istəyi ilə, mən bunu qəbul edirəm və ya etmirəm - bu mümkün deyil, çünki bizim qanunlarımız var. «Təhsil haqqında» qanunda belə imkanlar yoxdur ki, kiminsə ixtiyarına verəsən ki, bu adamlar istədiyini qəbul etsinlər və ya qəbul etməsinlər. Bunu cəmiyyət də qəbul etiməyəcək, üstəlik mənim fikrimcə bu istiqamətdə fikirləşən adamlar azdır»-deyə M.Abbaszadə bildirib.