“Təhsil Tələbə Kredit Fondu tələbə kreditlərinin yuxarı həddini müəyyən edib. Təhsil Tələbə Krediti Fondunun Himayəçilər Şurasının Nazirlər Kabineti ilə razılaşmasına əsasən, bu kredit hər il tələbə qəbulu zamanı təhsil haqqı məbləğində olacaq. Burada hər hansı məhdudiyyət nəzərdə tutulmayıb. Ən aşağı məbləğ subbakalavrlardadır. İllik təhsil haqqı 400 manatdır. Ən yüksək isə magistratura səviyyəsi üçün 10 min manatdır”.
Eləcə də bax: Təhsil krediti alacaq tələbələrin sayı - AÇIQLANIB
FED.az biznes və maliyyə xəbərləri portalı Qafqazinfo-ya istinadən xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə təhsil nazirinin müavini İdris İsayev deyib.
O qeyd edib ki, ən aşağı təhsil haqqı regionlarda, ən yuxarı isə 10 min manat ADA universitetindədir. Hər bir ixtisas üzrə ödənişli təhsil alan tələbələrə mübasibətdə bu məbləğ müəyyən edilir. Tələbələr təhsil kreditləri təhsil müddəti bitdikdən sonra 10 il ərzində qaytarmalıdırlar.
Nazir müavini əlavə edib ki, təhsil tələbə krediti dünyada 1960-cı ildən başlanılıb və hazırda 60 ölkədə tətbiq olunur. Bütün ölkələrdə dövlət tərəfindən subsidiyalaşdırılır. Uzunmüddətli verilir, təhsil göstəriciləri stimullaşdırılır. Sosial həssas qrupa aid tələbələrə güzəştlər edilir. Kredit banklar tərəfindən ödənilir. Bu, ümumi cəhətlərdir və bunları nəzərə alaraq Azərbaycanda da kreditlər formalaşdırılıb.
“Tələbə kreditlərinin verilməsinin məqsədi təhsil sisteminə tələbənin əlçatanlığının təmin edilməsidir. Həmçinin təhsilin əhatə dairəsi genişləndirilsin. Ödənişli təhsil alan tələbələrimiz də var ki, təhsil haqqını ödəməkdə çətinlik çəkirlər. Bəziləri müəyyən dövrdən sonra təhsillərini dayandırırlar. Bu sistem tələbələrə yeni imkanlar açır. Digər məqsədimiz təhsilin keyfiyyət göstəricilərinin stimullaşdırılmasıdır. Həmçinin sosial həssas qrupdan olan tələbələrin sosial çətinliklərini də aradan qaldıracaq. Bu, dövlətin təhsil sisteminə maliyyə dəstəyinin artırılmasıdır”.