Bu il “Karyerada ilk addım” devizi altında 29 aktiv məşğulluq tədbiri keçiriləcək.
Bu barədə FED.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Nazirlik yanında Dövlət Məşğulluq Xidməti tərəfindən bu il Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Lənkəran şəhərlərində tələbə və məzunlar üçün “Karyerada ilk addım” devizi altında 29 aktiv məşğulluq tədbirinin keçirilməsi planlaşdırılır.
Tədbirlər həmin şəhərlərdə olan ümumilikdə 25 universitetdə, 2 kollecdə keçiriləcək. Həmçinin Gənclər Fondu, ASAN Xidmət və işəgötürənlərlə əməkdaşlıq həyata keçirilməklə də “Karyerada ilk addım” tədbirləri təşkil ediləcək.
Mart ayından başlanacaq bu tədbirlərdə tələbə və məzunlar işəgötürənlərə şəxsi məlumatlarını təqdim edə, işəgötürənlər isə müvafiq ixtisaslar üçün kadr seçimi aparmaq imkanı qazanacaq.
Tədbirlər zamanı təcrübə proqramlarında iştirak etmək istəyənlərin qeydiyyatı da aparılacaq, məşğulluq xidmətləri, aktiv məşğulluq tədbirləri barədə iştirakçılara məlumatlar veriləcək.