Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi ilə hansı bankalrın məşğul olacağı açıqlanıb.
Eləcə də bax: Təhsil kreditlərinin hansı tələbələrə veriləcəyi - Açıqlanıb
FED.az xəbər verir ki, Baş nazir Əli Əsədovun təsdiq etdiyi “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası”na əsasən təhsil tələbə krediti (TTK) üzrə bank əməliyyatları seçilmiş müvəkkil bank tərəfindən həyata keçiriləcək.
Müvəkkil bankın seçilməsi meyarları aşağıdakılardır:
- kreditlərin verilməsi ilə bağlı əməliyyatların aparılmasına dair lisenziyanın olması;
- 1 (bir) ildən yuxarı davamlı bank fəaliyyətinin mövcudluğu;
- prudensial normativlərə və tələblərə əməl edilməsi;
- regionlarda filial şəbəkəsinin olması;
- beynəlxalq reytinq agentlikləri tərəfindən ölkə üzrə verilmiş reytinqdən maksimum iki pillə aşağı olması.
TTK-nin maliyyələşdirilməsi, bu sahədə xidmət və TTK-nin geri qaytarılması dövründə həmin vəsaitlərin müvəkkil bank tərəfindən Fonda köçürülməsi Fond və müvəkkil bank arasında bağlanılan baş saziş əsasında həyata keçiriləcək. Müvəkkil bank TTK-nin maliyyələşdirilməsi üçün tələb olunan vəsait barədə baş sazişdə nəzərdə tutulmuş müddətdə Fonda müraciət edir və tələb olunan sənədləri Fonda təqdim edəcək.
Fond müvəkkil bankın müraciətini və təqdim olunan sənədləri yoxladıqdan sonra 3 (üç) iş günü ərzində tələb olunan vəsaitin müvəkkil bankın hesabına köçürülməsini təmin edəcək. TTK-nin maliyyələşdirilməsi ilə bağlı müvəkkil bank tərəfindən Fonda təqdim edilməli sənədlərin siyahısını Fondun Himayəçilər Şurası müəyyən edəcək. Müvəkkil bankla Fond arasında qarşılıqlı öhdəliklər Fond ilə müvəkkil bank arasında imzalanmış baş sazişdə əhatə olunur.
Borcalanların müvəkkil bank qarşısında öhdəliklərini yerinə yetiribyetirməməsindən asılı olmayaraq, müvəkkil bank və Fond baş sazişlə müəyyən edilmiş öhdəliklərini bu Qaydanın 7.15-ci bəndi nəzərə alınmaqla yerinə yetirməlidirlər.
Müvəkkil bank bu Qaydada və Fond ilə müvəkkil bank arasında imzalanmış baş sazişdə kredit inzibatçılığı ilə bağlı müəyyən edilmiş tədbirləri həyata keçirməli və bu barədə məlumatları elektron sistemə daxil etməlidir. Bu öhdəliklərin müvəkkil bank tərəfindən yerinə yetirilməməsi və ya qismən icra edilməsi hallarının kreditin defoltuna səbəb olduğu müəyyən edildiyi halda, Fond defolt olunan kredit üzrə məbləği müvəkkil bankdan geri tələb etmək hüququna malikdir. Bu hallar Fondun cəlb etdiyi kənar audit tərəfindən müəyyən edilir.
Müvəkkil bankın lisenziyası ləğv edildikdə, Fondun həmin bankda qalan vəsaitinin qaytarılması ləğvedici tərəfindən “Banklar haqqında” qanunun 82-ci maddəsinə uyğun ödənişlərin növbəliliyi əsasında həyata keçiriləcək.