Təhsil Nazirliyi rəhbərliyinin tapşırığı ilə Azneft Meydanı yaxınlığındakı keçiddə pop-korn satan gənc tapılıb.
FED.az-ın xəbərinə görə, bu barədə Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.
O qeyd edib ki, Seyfullayev İsrafil Vüqar oğlu 2002-ci ilin noyabrında Biləsuvar rayonunun Günəşli kəndində anadan olub: "Onun 17 yaşı var. 2017-ci ildə IX sinfi, icbari təhsil mərhələsini bitirib. Hazırda təhsil almır, Binəqədidə yaşayır. Əmək Məcəlləsi 15 yaşından sonra işləmək hüququ verir. İsrafilin arzusuna uyğun olaraq peşə məktəbinə qəbul olunması üçün ona təklif ediləcək".
Qeyd edək ki, bir neçə gündür Azneft Meydanının yaxınlığındakı keçiddə pop-korn satan gənclə bağlı geniş müzakirələr aparılır. Buna Milli Məclisin deputatı Rasim Musabəyovun həmin gəncin keçiddə pop-korn satmasına etiraz etməsi səbəb olub.