Təhsil ekspertlərinin bildirdiyinə görə, son beş ildə Azərbaycanda yeddi mindən çox tələbə təhsil haqqını ödəyə bilmədiyi üçün ali təhsil almaqdan məhrum olub.
I-II kursda çətinliklə oxuya bilən tələbələr, növbəti illərin təhsil haqqını ödəyə bilmədiyi üçün universitetdən imtina etməli olublar.
Bir neçə gün öncə maliyyə naziri Samir Şərifov Milli Məclisdə büdcə müzakirələri zamanı təhsil kreditləri ilə bağlı danışan zaman bildirib ki, təhsil krediti alanların o krediti qaytarması böyük bir sualdır:
“Bizim bank təşkilatlarımız bu riski öz üzərilərinə götürmək istəmirlər. Yaxşı, buna dövlət müdaxilə etsə, bəri başdan etiraf edək ki, bu kreditlər qaytarılmayacaq. Xaricdə bu məsələ belə qurulub. Kredit verilir, amma həmin məzunlar işə qəbul olunduqdan sonra işəgötürənlər banklarla müqavilə bağlayır və kreditlər geri qaytarılır. Hazırda bununla bağlı bir mexanizm tapa bilməmişik. Müəyyən cəhdlər var. Lakin bunlar, deməzdim ki, kütləvi şəkildə həll edilir”.
Bəs, banklar tələbələrə təhsil krediti verirmi?
Xatırladaq ki, hazırda dövlət tərəfindən müəyyən kateqoriyaya aid olan şəxslərin təhsil haqları büdcənin vəsaiti hesabına ödənilir. Yəni Milli Qəhrəman övladları, I-II qrup əlil gənclər, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətəndaşların övladları, valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş və ya internat məzunları olan gənclər, I qrup əlil valideyni olan gənclər, hər iki valideyni əlil olan (I, II qrup) gənclərin təhsil haqlarını dövlət ödəyir. Amma bu da kredit deyil.
Banklar, şirkətlər tərəfindən istehlak krediti formatında tələbələrə verilən kreditlər azdır.
“Unibank”dan bildirilib ki, bütün tələbələrin rəsmi iş yeri olan valideynləri gəlib 20 min manatadək krediti 48 ayadək müddətə sərfəli faizlə götürə bilərlər:
“Zamin və sığorta xərci yoxdur. Kreditin aylıq ödənişi 19 manatdan başlayır. Tələbələr vaxt itirmədən “Unibank Mobile”dən saytımızdan, mesaj nömrəmizdən “Whatsapp”la sifariş verə bilərlər. Kredit götürmək üçün müsbət rəy verildikdə, onlar bankın şöbələrinə yaxınlaşa bilərlər”.
“Bank VTB”dən bildirilib ki, tələbələrə təhsil krediti verilir:
“Bu məbləğ minimum 300 AZN, maksimum 30 min AZN, illik faiz dərəcəsi girov ilə 19 faiz, girovsuz 21 faiz təşkil edir. Ödəniş altı aydan 60 aya qədərdir. Valideynlərin iş yerindən arayış olmalıdır.
Tələbənin təhsil müqaviləsi, hesab-qaimə (invoys), ali təhsil müəssisəsinin və fakültənin adı, ali təhsil müəssisəsində təhsilin gedişi, illik təhsil haqqının məbləği, təhsilin bitmə ayı və ili təqdim edilməlidir”.
“Bank Respublika”dan qeyd edilib ki, ölkə ərazisində fəaliyyət göstərən təhsil ocaqlarında (ali, peşə-ixtisas və orta) ödənişli əsaslarla təhsil alan tələbə və şagirdlərin təhsil haqlarının ödənilməsi üçün kredit nəzərdə tutulub:
“Məbləğ 500-10000 manat, ödəniş vaxtı 12 ay, illik faiz dərəcəsi 20 faiz, komissiya bir faiz (min manata 10 manat) təşkil edir. İki ildir ki, Təhsil Nazirliyinin təşəbbüsü ilə Maarifçi Kredit Fondu yaradılıb.
Nazirliyin təşəbbüsü ilə yaradılan fond dövlət ali təhsil müəssisələri - Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Gəncə Dövlət Universiteti və Sumqayıt Dövlət Universiteti tərəfindən təsis edilib.
Fondun məqsədi təhsil haqqını ödəməkdə çətinlik çəkən aztəminatlı ailələrdən olan tələbələrə uzunmüddətli güzəştli kreditlər verilməsi vasitəsilə onlara ali təhsil almaqda bərabər imkanların yaradılmasıdır. Ümumilikdə 223 təhsil haqqı krediti müqaviləsi imzalanıb.
Təhsil eksperti Nadir İsrafilovun sözlərinə görə, təəssüf ki, “Təhsil krediti”, bəzən də “Tələbə krediti” adlandırılan məsələ birinci dəfə deyil ki, gündəmə gətirilir:
“Bu məsələ Milli Məclisin gündəliyinə daxil edilib, sonradan yenidən çıxarılır. Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli açıqlamasında “Tələbə kreditləri haqqında” qanun layihəsinin hazırlanmasının düşünüldüyünü bildirib. Eyni zamanda, Maarifçi Tələbə Kredit Fondu var və müəyyən dərəcədə kömək göstərilir.
Ancaq burada da bəzi çatışmazlıqlar və baryerlər var ki, bu da hamı üçün əlçatan deyil. Kredit almaq istəyənlər Azərbaycanın vətəndaşı olmalı, təsisçi olan ali məktəblərdən birində təhsil almalı, təhsilinin davam etdirilməsi üçün maliyyə yardımına həqiqi ehtiyacı olmalı, valideynlərin və özünün daha əvvəl aldığı kreditlər üzrə defolt hadisələr baş verməməlidir.
Kreditlər verilərkən valideynlərin illik gəlirlərinin 10 min manatdan artıq olmaması, tələbələrin yaşının 25-dən yuxarı olmaması, eləcə də, bu il üçün yalnız bakalavr pilləsində təhsil almasının əsas götürülməsi, tələbənin ümumi orta müvəffəqiyyət balının 71 baldan yuxarı olması, tələbənin növbəti illərdə göstəriciləri aşağı olduğu halda, o zaman onlara kredit verilməməsi halları var.
Göründüyü kimi, bu və digər səbəblərdən “Təhsil krediti haqqında” qanun layihəsinin bir neçə dəfə Milli Məclisin iclaslarında müzakirəyə çıxarılmasına baxmayaraq, qəbul olunması bu günədək məqbul hesab edilməyib.
Hər halda belə bir qanunun qəbul edilməsi ona imkan yarada bilərdi ki, tələbələr heç olmasa ödəniş vəsaitini əldə etməklə təhsil aldıqları müddətdə sosial qayğılardan müəyyən qədər uzaqlaşardılar.
Təhsilini bitirib işlədikcə isə borclarını qaytarmaq imkanı əldə edə bilərdilər. Dövlətin də qazancı o olardı ki, ixtisaslı kadr hazırlanır, həmin tələbə fəaliyyət göstərdikcə, ölkənin inkişafına, təbii ki, öz töhfəsini verəcək”.
Nadir İsrafilov bildirib ki, Türkiyədə universitetlərdə təhsil alan tələbələrin sayı yeddi milyon 560 min nəfər, kredit alan tələbələrin sayı bir milyon 632 min 438 nəfərdir (2002-ci ildə bu rəqəm 451 min 550 nəfər olub):
“Dünya təcrübəsində ayrı-ayrı iş adamları, şirkətlər, imkanlı şəxslər bu məsələlərə dəstəkçidir. Bizdə isə bu məsələ hələlik öz həllini tapa bilmir. Halbuki Azərbaycan tarixində bu, yeni məsələ hesab oluna bilməz. Bizim məşhur xeyriyyəçilərimiz olub.
Tağıyevlər, Nağıyevlər məktəblər açıblar, xeyli gənci xaricdə oxudublar. Bu kimi nümunələr kifayət qədər çoxdur. Bir halda ki, bizdə belə bir ənənə olub, niyə bu ənənəni inkişaf etdirməyək? Hesab edirəm ki, bu ənənələrin yenidən bərpa olunmasına ehtiyac var”.
Qeyd edək ki, hazırda 54 ali təhsil müəssisəsində 160 minə yaxın tələbə təhsil alır. Onların 70 faizi öz vəsaiti hesabına, yəni, ödənişli əsaslarla, 30 faizi isə dövlət büdcəsi vəsaiti hesabına təhsillərini davam etdirirlər.