Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdisalam Abdi Alinin rəhbərlik etdiyi nümayəndə heyəti SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) olub.
Görüşdə Somalinin Türkiyədəki səfiri Fathudin Ali Mohamed, Xarici İşlər Nazirliyinin baş məsləhətçisi Mohamed Mustaf Hajı Hassan, Somalinin Türkiyədəki səfirliyinin I katibi İbrahim Əli Abşir, eləcə də Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasındakı səfiri Ruslan Nəsibov (Somali Federativ Respublikasında qeyri-rezident səfiri) iştirak ediblər.
BANM-dən FED.az-a bildirilib ki, rektor Elmar Qasımov ali məktəbin fəaliyyəti və beynəlxalq uğurları, eləcə də kibertəhlükəsizlik və yeni açılan data analitikası ixtisasları barədə məlumat verib. Somali tələbələri üçün də burada geniş imkanların mövcud olduğunu qeyd edib.
Bildirilib ki, SOCAR Somalidən olan tələbələr üçün 3 təqaüd yeri ayırıb. Onlar neft-qaz mühəndisliyi ixtisasının yatağın qiymətləndirilməsi və idarə olunması ixtisaslaşması üzrə təhsil alacaqlar.
Eyni zamanda, “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində BANM-ə bir neçə somalili namizədin müraciəti davam edir.
Somalinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdisalam Abdi Ali Azərbaycanın neft sənayesində qazandığı uğurları yüksək qiymətləndirib və Somalidən olan tələbələrin BANM-də neft-qaz sahəsində təhsil almalarının əhəmiyyətini vurğulayıb. BANM-in bu sahədəki zəngin təcrübəsinin tələbələr üçün böyük imkanlar yaratdığını qeyd edib.
Nazir əlavə edib ki, gələcəkdə Somalidən olan tələbələr üçün 20 təqaüd yerinin ayrılması planlaşdırılır və bu sayın zamanla artacağına inam böyükdür. Qeyd edib ki, neft-qaz sektoru ilə yanaşı, kibertəhlükəsizlik və kompüter mühəndisliyi ixtisasları da Somali üçün xüsusi əhəmiyyət daşıyır. Sonda vurğulayıb ki, tələbələrin BANM-ə cəlb olunması istiqamətində səylər davam etdiriləcək.
Eləcə də Somalinin Türkiyədəki səfiri Fathudin Ali Mohamed çıxış edərək ikitərəfli əlaqələrin qurulmasına və genişlənməsinə dəstək verəcəyini bildirib. O, Somalidən olan tələbələrin sayının artmasının bu əməkdaşlığa töhfə verəcəyini vurğulayıb.
Görüş çərçivəsində, eyni zamanda, BANM və Somali ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Birgə diplom proqramlarının təsis edilməsi imkanları müzakirə olunub.
Görüşün sonunda Bakı Ali Neft Məktəbinin “Fəxri qonaq” plaketi nazir Abdisalam Abdi Aliyə təqdim edilib.