Növbəti həftə keçiriləcək imtahanlarda təxminən 22 min nəfər təhsilverənin iştirakı nəzərdə tutulur. Əməkhaqqısını diffensial qaydada artımla alacaq müəllimlərin sayı təxminən 70 min nəfərdən çox olacaq.
FED.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov “Zəkalar” liseyində keçirilən “Son zəng” tədbirində çıxışı zamanı deyib.
O qeyd edib ki, prosesə hazırlıq yekunlaşmaq üzrədir:
“Sertifikatlaşdırma prosesinin nəticələri onu deməyə əsas verir ki, qarşıya qoyulan hədəflərə nail olunur.
Sertifikatlaşdırma təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurunu tənzimləyir. Proses müəllimin öz üzərində davamlı işləməsi, nəticəsini yaxşılaşdırması üçün ciddi stimul yaradır. Çünki keyfiyyətli müəllim və keyfiyyətli təhsil anlayışları bir-biri ilə vəhdət təşkil edir.
Hər bir vətəndaşın keyfiyyətli təhsil almaq hüququ var. Keyfiyyətli təhsil isə keyfiyyətli müəllim deməkdir. Sertifikatlaşdırma bu tələbi ödəyir”.
Eşqi Bağırov xatırladıb ki, 2022-ci ildən təşkil olunan sertifikatlaşdırma prosesində 64 901 müəllim iştirak edib:
“Sertifikatlaşdırmadan keçmiş 17 426 təhsilverənin vəzifə maaşına 35 faiz, 38 084 təhsilverənin vəzifə maaşına isə 10 faiz artım tətbiq olunub.
Bu il keçiriləcək sertifikatlaşdırma prosesindən sonra maaşını diffensial qaydada artımla alacaq müəllimlərin sayı təxminən 70 min nəfərdən çox olacaq”. (Trend)