Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyinin icra etdiyi “Sağlamlıq imkanları məhdud uşaqların inklüziv təhsil imkanlarının artırılması üçün icma tipli qısamüddətli məktəbəhazırlıq kurslarının təşkili” layihəsi çərçivəsində yekun maarifləndirmə tədbiri Abşeron rayonunda keçirilib.
İctimai Birliyin mətbuat xidmətindən Fed.az-a verilən məlumata görə, “Xüsusi qayğıya ehtiyacı olan uşaqların ibtidai məktəbə hazırlanması və inklüziv təhsil imkanlarının artırılması perspektivləri” mövzusunda keçirilən tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli şöbəsinin, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin nümayəndələri, təhsil və səhiyyə işçiləri, valideynlər iştirak ediblər.
İctimai Birliyin sədri Ramilə Rasimqızı Xırdalan şəhərində təşkil olunmuş icma tipli qısamüddətli məktəbəhazırlıq kursu barədə məlumat verib. O qeyd edib ki, rəhbərlik etdiyi təşkilatın xidmət mərkəzi olan Abşeron Reabilitasiya və Nitq İnkişafı Mərkəzinin və “Azimut” Tədris Mərkəzinin peşəkar mütəxəssisləri tərəfindən 2016-2017-ci tədris ilindən etibarən məktəbə gedəcək uşaqlara fiziki, şəxsiyyətyönümlü, intellektual, sosial və psixoloji hazırlıqla bağlı, o cümlədən nitqində problemi olanların tələffüzünün korreksiyası ilə əlaqədar müvafiq xidmətlər göstərilib.
Daha sonra tədbirdə çıxış edən Abşeron Rayon Təhsil Şöbəsi müdirinin müavini Pərviz Əhmədov, Əlil Təşkilatları İttifaqının rəhbəri Davud Rəhimli, əlillik məsələləri üzrə tanınmış ekspert Bəybala İbadullayev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin elmi innovasiyalar mərkəzinin mütəxəssisi Aynur Abdullayeva, “Azimut” Tədris Mərkəzinin direktoru Zərnişan Kazımova inklüziv təhsilin əhəmiyyəti, aktual problemləri və perspektivləri, sağlamlıq imkanları məhdud uşaqların erkən aşkarlanması, reabilitasiyası və inklüziv təhsil imkanlarının artırılması sahəsində müasir metodlar, o cümlədən qısamüddətli məktəbəhazırlıq kurslarının rolu barədə iştirakçılara ətraflı məlumat veriblər.
Tədbirdə, həmçinin “Mənim Dünyam” Təşkilatının sədri Cəmilə Abdulova, “Abşeron təhsili” və “Xırdalan” qəzetlərinin baş redaktoru Anar Nağıyev, Abşeron Rayon Təhsil Şöbəsinin psixoloqu Bəşir Xanlarov və başqaları layihə çərçivəsində hazırlanaraq iştirakçılara paylanılmış bukletin bir maarifləndirmə vəsaiti kimi çox faydalı olduğunu söyləyiblər. Eyni zamanda, xüsusi qayğıya ehtiyacı olan uşaqların reabilitasiyası, ibtidai məktəbə hazırlanması sahəsində mövcud çətinliklərin aradan qaldırılması barədə bir sıra təkliflər irəli sürülüb.