Xəbər verdiyimiz kimi, Azərbaycan Texnologiya Universitetinə yeni rektor təyin edilib. Sərəncamla bu vəzifəyə Yaşar Adil oğlu Ömərov gətirilib.
FED.az xəbər verir ki, Yaşar Adil oğlu Ömərov 1 dekabr 1977-ci ildə Bakı şəhərində anadan olmuşdur. Yasamal rayonu 52 nömrəli tam orta məktəbi bitirdikdən sonra 1995-ci ildə Bakı Dövlət Universitetinin (BDU) bakalavriat səviyyəsinin “Biokimya” ixtisasına qəbul olub və 1999-cu ildə həmin ixtisas üzrə bitirmişdir. 1999-2001-ci illərdə təhsilini BDU-nun magistraturasında eyni ixtisas üzrə davam etdirib. 2001-ci ildə BDU-nun aspiranturasına qəbul olub, 2007-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək biologiya üzrə elmlər namizədi elmi dərəcəsini alıb.
Əmək fəaliyyətinə 1999-cu ildə BDU-nun Biologiya fakültəsinin Biokimya və biotexnologiya kafedrasında laborant vəzifəsində başlayıb. 2001-2014-cü illərdə həmin fakültədə baş laborant, laboratoriya müdiri, müəllim, dosent və dekan müavini vəzifələrində çalışıb. 2014-cü ildən başlayaraq əmək fəaliyyətini Azərbaycan Respublikasının Təhsil Nazirliyində davam etdirmiş və Nazirliyin Elm, ali və orta ixtisas təhsili şöbəsində aparıcı və baş məsləhətçi vəzifələrində çalışıb, 2019-cu ildən hal- hazıradək Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsində Ali, orta ixtisas və əlavə təhsil sektorunun müdiri vəzifəsində işləyib.
2021-ci ilin iyulundan başlayaraq Y.A.Ömərov Azərbaycan Texnologiya Universitetində elm və innovasiya məsələləri üzrə prorektor və sonradan tədris işləri üzrə prorektor səlahiyyətlərini icra edib.
Azərbaycan Respublikası Təhsil nazirinin 25.07.2022-ci il tarixli əmri ilə Azərbaycan Texnologiya Universitetinin rektoru vəzifəsi Yaşar Ömərova həvalə edilib. (Modern.az)