“Növbəti illərdə ən vacib istiqamətlərdən biri işğaldan azad olunmuş ərazilərdə peşə təhsilinin təşkil edilməsidir. Yəqin ki, məlumatlısınız. Keçən il ölkə rəhbərliyinin iştirakı ilə Füzulidə müasir peşə təhsil liseyinin bünövrəsi qoyuldu”.
FED.az xəbər verir ki, bunu Peşə təhsili üzrə Dövlət Agentliyinin direktor vəzifəsini icra edən, direktor müavini Ceyhun Kərəmov bildirib. Onun sözlərinə görə, bu müəssisədə yenə də iqtisadiyyatın inkişaf prioritetlərinə uyğun olaraq ixtisaslara üstünlük verilib:
“Həm sənaye, həm kənd təsərrüfatına aid ixtisaslar, eyni zamanda, yeni ixtisaslar tədris olunacaq. Məsələn, biz Füzulidə PUA-ların təmiri üzrə texnik hazırlamaq fikrindəyik. Dron təmiri üzrə emalatxanalar və tədris proqramını hazırlayırıq. Həmçinin aviasiya istiqamətində bir sıra ixtisaslar təklif etməyi düşünürük. Və nəhayət növbəti illərlə bağlı strategiyanın bir hissəsi olaraq biz bir çox rayonlarımızda da peşə təhsili infrastrukturunu yeniləmək istiqamətində çalışırıq. 2026-cı ilə qədər Quba, Qax, Tovuz və Sumqayıtdakı peşə liseylərinin yenidən qurulması və əsaslı təmirini başa çatdırmağı planlaşdırırıq. Bu, o deməkdir ki, ölkəmizin əsas böyük şəhər və rayonlarında vətəndaşların keyfiyyətli, müasir peşə təhsilinə çıxışı təmin ediləcək”. (Apa)