Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşlarına Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil üçün qrantların verilməsi haqqında sərəncam imzalayıb.
Fed.az məlumatına əsasən, sərəncamda deyilir ki, Azərbaycan Respublikası İslam Əməkdaşlıq Təşkilatının, İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının və müsəlman ölkələrini birləşdirən digər mötəbər qurumların üzvü kimi islam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurmuş, mühüm beynəlxalq layihə, tədbir və təşəbbüslərin həyata keçirildiyi məkana çevrilmişdir.
Ölkəmizdə 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi, IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi Azərbaycan Respublikasının dünyada islam həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində atdığı mühüm addımlardandır.
Azərbaycanda ali təhsil, treninq və araşdırmalar sahəsində əldə olunmuş nailiyyətlər İslam Əməkdaşlıq Təşkilatı Baş Katibliyi tərəfindən də yüksək qiymətləndirilir. İslam Əməkdaşlıq Təşkilatının Təhsil Mübadiləsi Proqramı çərçivəsində üzv dövlətlərin vətəndaşlarına ölkəmizin ali təhsil müəssisələrində ayrı-ayrı ixtisaslar üzrə təhsil üçün qrant təsis edilməsi beynəlxalq əməkdaşlığın genişlənməsinə və dünyanın bir çox ölkələrində insan resurslarının inkişafına mühüm töhfə verə bilər.
Prezident Azərbaycan Respublikasının ali təhsil müəssisələrində İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşlarının təhsilinə dəstək verilməsi məqsədi ilə qərara alıb ki, 2018-ci ildən başlayaraq İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşları üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrində tədris dilinə uyğun hazırlıq kurslarında və ali təhsilin bakalavriat, magistratura, doktorantura, tibb təhsili üzrə əsas təhsil və rezidentura səviyyələrində təhsil qrantı proqramı təsis edilsin.
Müəyyən edilsin sərəncamda nəzərdə tutulmuş təhsil alanlar üçün təhsil qrantının say həddi hər il 20 nəfər olmaqla 5 il ərzində 100-ə çatdırılır, həmin qrant dövlət hesabına ödənilən təhsil haqqı, viza, qeydiyyat, yataqxana və ya mənzil kirayəsi, gündəlik qidalanma, tədris ədəbiyyatı ilə təminat, nəqliyyatdan (taksi xidmətindən başqa) istifadə, kommunal xidmətlər, tibbi yardım və ildə bir dəfə ölkələrinə gediş-gəliş xərclərini əhatə edir.
Nazirlər Kabinetinə bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş təhsilalanlar üçün təhsil qrantının verilməsi qaydalarını, o cümlədən təhsil qrantının məbləğini iki ay müddətində təsdiq etmək; Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək; Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək; bu Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.