Bu il peşə təhsili üzrə qəbul planına 10 yeni ixtisas əlavə edilib.
FED.az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov brifinqdə çıxışında deyib.
"Bu ixtisaslar yüksək texniki ixtisaslar və texniki ixtisaslardır. Yüksək texniki ixtisaslara rəqəmsal məzmun idarəçiliyi, mexatronika, istehsalata rəqəmsal nəzarət sistemləri, tədbirlərin təşkili, satış və marketinq, texniki ixtisaslarda isə rəqəmsal inşaat, 3D oyun dizaynı, avtomobil daşımaları operatoru, qaz kəmərləri çilingəri aiddir", - o bildirib.
Direktor qeyd edib ki, gələn ilin sonunadək 9200 vətəndaşın yüksək texniki peşə təhsilinə cəlb olunması nəzərdə tutulub. Texniki peşə ixtisası üzrə 27 400 yer nəzərdə tutulub
Direktor onu da qeyd edib ki, cari ildə 300-dən çox müəllim ixtisasartırma və beynəlxalq təlimlərə cəlb ediləcək. Ceyhun Kərəmov əlavə edib ki, 2025-ci ildə "Böyük Qayıdış" çərçivəsində işğaldan azad edilmiş ərazilərdə 42 ixtisas üzrə 633 təlim keçiriləcək, 711 nəfər məzun olacaq.