15 ildən artıqdır ki, ölkənin lider investisiya şirkəti kimi fəaliyyətini uğurla davam etdirən PAŞA Kapital və Azərbaycanda mühəndislik ixtisası üzrə peşəkar kadrların hazırlanmasında aparıcı mövqeyə sahib SOCAR-ın Bakı Ali Neft Məktəbi (BANM) arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb.
FED.az xəbər verir ki, memorandum çərçivəsində hər iki tərəf arasında strateji tərəfdaşlığın inkişaf etdirilməsi, tələbələrin PAŞA Kapital-da istehsalat təcrübəsində iştirakı, eləcə də müasir dövrün dəbi investisiya ilə bağlı məlumatlılıq səviyyəsinin artırılması məqsədilə maarifləndirici tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Təşəbbüsün əsas məqsədi tələbələrin bilik və bacarıqlarının real iş mühitində inkişafına, həmçinin şirkətin potensiallı kadr ehtiyaclarının təmin edilməsinə şərait yaratmaqdır.
Anlaşma Memorandumu PAŞA Kapital İnvestisiya Şirkətinin İdarə Heyətinin sədri Ceyhun Hacıyev və Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov tərəfindən imzalanıb. İmza mərasimində hər iki qurumun məsul nümayəndələri iştirak edib və gələcək əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılıb.
Tədbir çərçivəsində PAŞA Kapital nümayəndələri BANM kampusu ilə tanış olub, tələbələr üçün yaradılmış müasir tədris və inkişaf mühitini yaxından izləyiblər.
PAŞA Kapital İnvestisiya Şirkətinin məhsul və xidmətləri, həmçinin fəaliyyəti haqqında daha ətraflı məlumat üçün 1548 nömrəsi ilə əlaqə saxlaya və ya https://www.pashacapital.az/ saytına daxil ola bilərsiniz.