«Odlar Yurdu» Universiteti diplomlarının Türkiyədə tanınmayacağı ilə bağlı məlumatları təkzib edib.
FED.az-a universitetdən verilən məlumatda bildirilir ki, «bu cür məlumatları yalnız tələbə qəbulu öncəsi məqsədyönlü qarayaxma kampaniyası kimi qiymətləndiririk».
Eləcə də bax: Azərbaycanın bu universitetlərinin diplomu Türkiyədə tanınmayacaq – SİYAHI
Açıqlamada deyilir ki, Odlar Yurdu Universitetinin bu gün dayanıqlı bir təhsil müəssisəsi olması, eləcə də cəmiyyətdə, ictimaiyyətdə böyük nüfuza malik olması bəzi insanlar tərəfindən qəbul edilmir: «Düşünürük ki, xalqımız nəyin necə və kimin kim olduğunu çox gözəl anlayır və başa düşür ki, formalaşdırılmağa çalışılan rəyin, səsləndirilən fikirlərin heç bir əsası yoxdur. Bunlar sadəcə olaraq, son illərdə qazandığımız uğurları, həmçinin universitetimizin nüfuzunu azaltmaq məqsədi daşıyır. Xatırladaq ki, Odlar Yurdu Universiteti YÖK tərəfindən tanınan ilk və yeganə özəl universitetdir»-deyə açıqlamada bildirilir.
Universitetin açıqlamasında qeyd edilir ki, bu cəhdlər heç bir nəticə verməyəcək: «Həqiqətləri hamı bilir, lazım gəlsə ictimaiyyətə çatdırmaq üçün də kifayət qədər imkanlarımız vardır. Məlumatların hansı mənbə tərəfindən işıqlandırılması hal-hazırda universitet rəhbərliyi tərəfindən araşdırılır. Zərurət yaranacağı təqdirdə ictimaiyyətə əlavə məlumat veriləcək»-deyə bildirilir.
«Odlar Yurdu» Universitetindən diplomların Türkiyədə tanınması ilə bağlı - AÇIQLAMA
17:33
28 May 2019