Çoxumuz həyatımızın müxtəlif dövrlərində ingilis dilini öyrənməyə çalışırıq. İndi İngilis dili ibtidai təhsilin ikinci sinifində öyrədilməyə başlayır və orta məktəbdə son sinifə qədər davam edir. Yəni, Azərbaycanda hər uşaq yeddi/səkkiz yaşından on yeddi yaşına qədər İngilis dili keçir. Bəzi siniflərdə dərslər həftədə ən azı iki dəfə ingilis dilində tədris olunur. Ancaq heç bir şagird məktəbdən ingilis dilini öyrənmir. Bunun əsas səbəbi məktəblərdə istifadə olunan yanlış dil tədris metodlarıdır. Niyə ingilis dilini öyrənə bilmirik?
1. İngilis dilini Dərs olaraq görmək
İngilis və ya hər hansı başqa bir dili öyrənməyə çalışarkən çoxumuzun ilk etdiyi şey bir qrammatika kitabı almaq və bir neçə həftə onu oxumaqdır. Qrammatika kitabını nizamlı oxuduğumuzda elə bilirik ki, ingiliscə öyrənə biləcəyik. Bunu düşünməyimiz normaldır. Çünki, hər hansı bir dərs öyrənərkən o dərsin kitabını oxuyub öyrəndiyimiz müddətcə müvəffəqiyyətli olarıq. Lakin İngilis dili bir dərs deyil, bir dildir. Dil olması səbəbi ilə canlıdır. Yalnız qrammatika kitabı oxuyaraq ingilis dilini öyrənə bilməyəcəksiniz. Danışmaq, dinləmək kimi praktikaları edərək dil ilə iç-içə olmalı, sanki o dili yaşamağınız lazımdır.
2. Qrammatikaya ilişib qalmaq
Dili həyatdan ayrı bir dərs kimi öyrənməyə çalışdığımız zaman, biz həmin dil ilə yadlaşırıq. Qrammatikanı nə qədər yaxşı bilsəkdə, kifayət qədər söz bilmiriksə, ya da beynimizdəki sözlərə tez qrammatikanı tətbiq edə bilmiriksə, demək o dili öyrənə bilməmişik. Buna görə də ən yaxşısı İngilis dili öyrənmədən əvvəl sadə nümunələri öyrənin, sonra əsas zamanları (Gələcək, Keçmiş, indiki davam edici və bitmiş zaman) öyrənib dərhal praktikaya başlamanız yaxşıdır. Qalanları zamanla gələcəkdir.
3. Əvvəlki uğursuzluqlarınıza ilişmək və "Məndə Dil Qabiliyyəti Yoxdur ki!”
Girişdəki bənddə də bəhs etdiyimiz kimi Azərbaycanda oxumuş şagirdlər olaraq uzun müddət İngilis dili dərsi keçməyimizə baxmayaraq ümumiyyətlə İngiliscə öyrənə bilmirik. Bu da zamanla bizə dili və özümüzü mühakimə etməyə imkan verir. Ya İngilis dilini çox çətin bir dil kimi təsəvvür etməyə başlayırıq ya da özümüzü dil bilikləri olmayan və ingilis dili öyrənə bilməyən bir insan kimi görürük. Əslində bunlardan heç biri doğru deyil. İngilis dili analitik bir dildir. Yəni, Azərbaycan dilindəki kimi çoxlu şəkilçili və iç-içə bir dil quruluşu yoxdur və ya ərəb dili kimi hərflərin yazılışına görə fərqlənən bir söz quruluşu yoxdur. Bu baxımdan İngilis dili daha asan öyrənilə bilən bir dildir. İngilis dili asan olsa belə sizin dil qabiliyyətinizin olmadığını düşünürsünüzsə, yenə yanılırsınız. Çünki, öz ana dilində düzgün bir şəkildə danışa bilən hər bir insanın dil qabiliyyəti vardır. Yəni Azərbaycan dilini danışaraq insanlarla ünsiyyət qura bilirsinizsə, bu İngilis dilini də öyrənə biləcəyiniz mənasını verir. Beləliklə, köhnə müvəffəqiyyətsizlikləri kənara qoyaraq yeni bir başlanğıc etmək lazımdır.
4. Danışmaqdan çəkinmək və fərqli aksentdə danışmaq istəyi
İngilis dili danışarkən bir amerikalı kimi cool və ya britaniyalı kimi kübar danışa biməmək sizi narahat edə bilər. Əslində, bu çox təbii bir vəziyyətdir. Yeni bir dil öyrənməyə başlayan hər kəs əvvəlcə sözləri fərqli tələffüz edir. Gələcəkdə bu tamamilə düzəlir və ya azalır. Buradakı mühüm məqam qarşınızdakı insan ilə sizin ünsiyyət qura bilib bilməməyinizdir. Çünki dilin funksiyası ünsiyyətdir. Əgər qarşınızdakı nə dediyinizi anlayırsa, vurğularınızdan narahat olmayın və mümkün qədər axıcı və asanlıqla danışmağa diqqət edin. Və danışmaqdan çəkinməyin.
5. “İngiliscə öyrənməyə mənim nə vaxtım var, nə də imkanım”
İngilis dili öyrənməyin çox bahalı bir iş olduğunu hamı deyir. Bəli, ingilis dili kurslarının qiyməti ucuz deyildir. Lakin İngilis dilini öyrənmək üçün kursa getmək şərt deyil. Özünüz də pulsuz websaytlar və mobil tətbiqlərlə çalışaraq İngilizcənizi olduqca inkişaf etdirə bilərsiniz. Kitablar bahalıdırsa ehtiyacınız olan hissəsini pdf formatında tapmağa çalışın. Facebook-da və ya forum saytlarında istədiyiniz kitabı soruşduğunuzda böyük ehtimalla pdf'ini tapacaqsınız.
Yaxşı bəs vaxt məsələsi? Əgər işləyir və ya tələbəsinizsə, ingilis dilinə vaxt ayırmaqda çətinlik çəkdiyinizi deyə bilərsiniz. Amma bu, tamamilə prioritetlərinizdən asılıdır. Səhər yeməyi yeyərkən sosial mediaya baxmaq əvəzinə, ingilis dilində videolara baxaraq və ya avtobusla evə qayıtdığınız zaman mobil tətbiqlərinizdən yeni sözlər öyrənərək böyük irəliləyişlər əldə edə bilərsiniz. Əhəmiyyətli olan hər gün azda olsa vaxt sərf etməkdir. Çalışma əzminiz heç zaman bitməsin!