“Sertifikasiya imtahanında iştirak edən hər 4 müəllimdən 3-ü öz fənnindən minimal biliklərə sahibdir. İmtahandan keçən müəllimlərin 49 %-nin əmək haqlarına 10 %, 27 %-nin maaşına isə 35 % əlavə olunub”.
“İbtidai sinif müəllimi institut direktorundan çox maaş alır”
FED.az xəbər verir ki, bunu Elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.
Nazir bildirib ki, bununla da ibtidai sinif müəllimlərinin əməkhaqqısı əlavə ilə birlikdə, təxminən, 1000 manata yaxınlaşmaqdadır: “Bu da xüsusilə Azərbaycan kəndlərində çalışan müəllim üçün əladır. Onu da qeyd edim ki, imtahanda iştirak edən hər 4 müəllimdən biri, yəni 24 %-i minimal balı toplaya bilməyib. Yəni onlar ən sadə suallara belə cavab verə bilməyiblər”.
Sertifikasiya imtahanında aşağı bal toplayan müəllimlər yenidən imtahan verəcəklər
Emin Əmrullayev bildirib ki, “Gələn ilin iyun ayında sertifikasiya imtahanında aşağı nəticə toplayan müəllimlər yenidən imtahan verəcəklər”.
O bildirib ki, yanvar-fevral ayı ərzində aşağı nəticə göstərən müəllimlərin hər biri ilə sıx işlənəcək, onlar ixtisasartırma təlimlərinə cəlb olunacaqlar: “Ümid edirik ki, builki sertifikasiya imtahanında aşağı nəticə toplayan 2 368 nəfər ikinci şanslarında uğur qazanacaqlar”. (Report)