"Bu gün yoluxmanın üstünlük təşkil etdiyi ərazilərdə (Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonun) tədrisin distant formaya keçirilməsi ilə bağlı qərar qəbul edildi. Təhlillər göstərir ki, son həftə ərzində olan yoluxmaların 80 %-dən çoxu bu bölgələrin payına düşür".
Eləcə də bax: Bakı, Sumqayıt, Şəki, Gəncə və Abşeronda məktəblər bağlanır - RƏSMİ
FED.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev feysbuk səhifəsində yazıb.
O qeyd edib ki, yoluxma hallarının daha az baş verdiyi yerlərdə tədris əyani formada həyata keçiriləcək, lakin yoluxma halları artdığı təqdirdə həmin ərazilərdə də tədrisin distant formaya keçirilməsi nəzərdə tutulur: "Hörmətli təhsil ictimaiyyəti, məlum olduğu kimi, pedaqoji və texniki heyətin peyvənd olunması prosesi davam edir. Bir daha vurğulamalıyam ki, şagirdlərin davamlı öyrənməsi və təhsil müəssisələrinin mütəmadi fəaliyyətinin təmin edilməsində vaksinasiya mühüm faktordur. Hər birinizin bu məsələdə fəal iştirakını vacib hesab edirəm. Müəllimlərin və məktəblərdə işləyən digər şəxslərin qısa zaman ərzində peyvənd olunması ənənəvi təhsilə keçidi sürətləndirən mütləq məqamdır". (Report)