Hazırda Macarıstanda 800 azərbaycanlı tələbə təhsil alır.
Boş qalan dövlət sifarişli yerlərlə bağlı - AÇIQLAMA
FED.az xəbər verir ki, bunu Bakıda keçiriləcək “Study in Europe – Avropada Təhsil” sərgisinə həsr olunan brifinqdə çərşənbə günü Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma deyib.
Səfir bildirib ki, son illərdə Azərbaycanla Macarıstan arasında təhsil əlaqələri əhəmiyyətli dərəcədə genişlənib və bu tərəfdaşlıq iki ölkənin sosial-iqtisadi əməkdaşlığının mühüm istiqamətlərindən biridir. “Stipendium Hungaricum” proqramı üzrə anlaşma memorandumu tələbələrin Macarıstanda təhsil alması və mübadilə imkanları üçün möhkəm zəmin yaradıb.
Onun sözlərinə görə, azərbaycanlı tələbələr Macarıstan universitetlərini yüksək keyfiyyətli ingilisdilli proqramlara, müasir tədqiqat imkanlarına və beynəlxalq səviyyədə tanınan diplomlara görə seçirlər. Tələbələr xüsusilə mühəndislik, biznes və informasiya texnologiyaları sahələrində təhsil alırlar.
Tamaş Torma kənd təsərrüfatı və tibb sahələrində universitetlərarası əməkdaşlığı ayrıca vurğulayıb. O, Macarıstan Kənd Təsərrüfatı və Həyat Elmləri Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universiteti, eləcə də Peç Universiteti ilə Azərbaycan Tibb Universiteti arasında əməkdaşlığın olduğunu bildirib.
Səfir qeyd edib ki, Macarıstanın fəal mədəni və sosial həyatı, təhlükəsizliyi, həmçinin Bakı ilə Budapeşt arasında birbaşa hava əlaqəsi azərbaycanlı tələbələrin seçimində rol oynayır.
“İki paytaxtı birləşdirən həftədə dörd uçuş həyata keçirilir. Bu gün Macarıstanda 800 azərbaycanlı tələbənin təhsil alması əməkdaşlığımızın və mədəni əlaqələrimizin gücünü aydın şəkildə nümayiş etdirir”, – deyə o bildirib.
Tamaş Torma builki “Study in Europe” sərgisində Macarıstanın yeddi universitetinin təmsil olunacağını və bunun ölkənin sərgidə iştirakı baxımından rekord göstərici olduğunu əlavə edib. (Trend)













