Dünyaca məşhur “Tesla” şirkətində çalışan, Stenford Universitetinin tələbəsi Sona Allahverdiyeva ilə müsahibəni sizə təqdim edirik:
– Özünüzü oxucularımıza təqdim etməyinizi xahiş edirik...
– Adım Sonadır. Stenford Universitetində, III kursda, informatika ixtisası üzrə ali təhsil alıram. Maşın görmə və qarışıq reallıq kimi istiqamətlərlə maraqlanıram, istehsalat təcrübəsində öz maraq dairəmi genişləndirirəm.
Buna “Tesla”dakı indiki vəzifəmi, “Facebook”da, “Oculus”da yay aylarındakı gələcək işimi misal göstərə bilərəm. Bakıda doğulub, boya-başa çatmışam. Sonradan TISA (Azərbaycanda Beynəlxalq məktəb) diplomunu alıb ali təhsil almaq üçün ABŞ-a köçmüşəm.
– Nə üçün məhz Stenford Universitetini seçdiniz?
– Sənədlərimi verdim və eyni vaxtda bir neçə müxtəlif universitetdən təkliflər gəldi. Britaniyanın Kembric Universiteti, ABŞ-ın Yel və Stenford Universitetləri arasında seçim qarşısında qalmışdım. Götür-qoy etdikdən sonra Stenfordu seçdim, belə ki, psixologiya və informatika ilə maraqlanırdım. Stenford bu ixtisaslar üzrə ən öncül universitet sayılır.
– Valideynləriniz və ya universitet sizə maddi dəstək göstərirmi?
– Təhsilhaqqımı valideynlərim ödəyir. Bu xərclərin ödənilməsində onlara kömək olmaq üçün bir neçə yerdə işləyirəm. Bir nemə informatika sinfindən texniki yardımçı kimi mülahizələr oxuyuram, bir neçə şirkətdə intern kimi çalışıram.
– “Tesla”dakı işinizdən danışmağınızı istərdik...
– Hal-hazırda “Tesla”da təchizatın avtomatlaşdırılması üzrə komandanın tərkibində çalışıram. Komandanın yaratdığı layihələrin icrasının təmin olunmasından tutmuş, şirkətin missiyasının davamlı tərəqqisini təmin etmək üçün yeni proqram təminatının yazılmasına kimi geniş əhatəli layihələr üzərində işləyirəm.
“Tesla” iri şirkət olmasına baxmayaraq, kiçik firma mentalitetinə malikdir: hər bir əməkdaşın fikrini öyrənirlər və özünəməxsus ideyaları olan şəxslər bunu bilavasitə İlon Maskın özünə təqdim edə bilir.
– “Facebook”dakı fəaliyyətiniz nədən ibarət olacaq?
– 2018-ci ilin yay ayları ərzində “Facebook”, “Oculus”da işləyəcəm. “Oculus” “Facebook”un virtual reallıq üçün avadanlıq və proqram təminatı üzrə ixtisaslaşmış bölməsidir. Virtual reallıq çox sürətlə inkişaf edən istiqamətdir, ona görə yayın gəlməsini səbirsizliklə gözləyirəm, gələcək komandamla inqilabi texnologiyalar yaratmaq istəyirəm.
Əvvəllər virtual və qarışıq reallığın inkişafı sahəsində təcrübəm olub. “Apple store” üçün bir neçə tətbiqlər, o cümlədən “Snowbird - An Immersive Film” tətbiqi üzərində çalışmışam. Virtual reallığın istifadəçisi və tərtibatçısı kimi təcrübəm var. “Oculus Headquarters” kuluarlarında şirkətin təsisçisi ilə eyni bir məkanda işləyəcəyimə çox sevinirəm.
– Özünüzü istedadlı sayırsınız?
– Mən “alına yazılmış” uğura və ya dəyişməz fitri istedada inanmıram. Ağır zəhmət və öz işində inadkarlığa inanıram.
– Gənclər haqqında nə deyə bilərsiniz?
– Özüm gənc nəslin təmsilçisiyəm, ona görə onların mənfi və ya müsbət cəhətlərini qiymətləndirməyin nə dərəcədə düzgün olduğunu bilmirəm. Sadəcə, onu deyə bilərəm ki, biz gəncik, dünyanın gələcəyi bizim əlimizdədir və mənə elə gəlir ki, törədə biləcəyimiz ən böyük cinayət rahatlaşmaq və oxumağı dayandırmaqdır.
Gənclər arasında – ağıllı, bacarıqlı nəsil arasında – hər hansı şeyi yaxşılığa doğru dəyişmək imkanım olsaydı, onlara daha yaxşı nəticələr əldə etmək üçün öz üzərlərində çalışmağı davam etdirməyi, ümumi qəbul olunmuş normalara çatan zaman dayanmamağı tövsiyə edərdim.
– Sizin kimi tələbələr yetişdirmək üçün məktəblərdə nə çatışmır?
– Mənim kimi hər şeylə maraqlanan, “biliyə susamış” tələbələr rastıma çox çıxıb. Mənə elə gəlir ki, çatışmayan onlarda dünyanı dəyişə biləcəklərinə inamın olmamasıdır. Həm onların özünəinamı, həm də ətrafdakıların onlara inamı. İnam olan yerdə hərəkətə keçməyə həvəs də olur. Artıq bu mərhələdə onu dayandırmaq olmur.
– Təhsilinizi başa vurduqdan sonra nə etməyi planlaşdırırsınız?
– Magistraturanı bitirdikdən sonra proqram təminatı mühəndisliyi sahəsində fəaliyyətimi davam etdirməyi planlaşdırıram. İşlədiyim sahələr – virtual reallıq, qarışıq reallıq, maşın görmək, süni intellekt – kifayət qədər yenidir və sürətlə inkişaf edir. Hələ ki, orada müvafiq ixtisası olan, çərçivələri genişləndirməyi bacaran mütəxəssislərin sayı o qədər də çox deyil.
Novatorluğu çox sevirəm, həyatımın qarşıdakı bir neçə ilini işə, təhsilə, tərəqqiyə susamış insanlarla birgə gələcəyin qurulmasına sərf etmək istəyirəm. Məncə, vaxtı bundan səmərəli keçirməyin başqa yolu yoxdur.
– Vətənə geri dönməyi, əldə etdiyiniz bilgiləri Azərbaycanda tətbiq etməyi planlaşdırırsınız?
– İndiki halda gələcəyimlə bağlı coğrafi nöqteyi-nəzərdən hər hansı konkret planım yoxdur. Sadəcə, informasiya texnologiyaları sahəsində işləmək istəyirəm. Bu, məni hər şeydən çox maraqlandırır. Əgər nə vaxtsa Azərbaycanda öz ixtisasım üzrə işləmək imkanı yaransa, böyük məmnuniyyətlə, öz bilik və bacarıqlarımı doğma şəhərimdə tətbiq etməyə hazıram.