SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) BP Azərbaycanın iştirakı və maliyyəsi ilə yerli mühəndislərin inkişafına töhfə olan “Mühəndislər üçün biznes təhsili” kursuna start verildi. BP Azərbaycan şirkətindən FED.az-a verilən məlumata görə, proqram Bakı Ali Neft Məktəbinin (BANM) 5-ci kurs tələbələri üçün nəzərdə tutulur. BANM-dakı təhsil müddətində mühəndislik üzrə yüksək səviyyəli bilik və tətbiqi səriştələrə yiyələnmiş tələbələrə yeni proqram çərçivəsində həm də menecment və biznes sahəsində geniş bilgilər veriləcək. Bununla da gələcək məzunların müasir biznes mühitinə daha effektli inteqrasiya olunması üçün şərait yaradılacaq.
Yeni kursun əsas hədəfləri mürəkkəb biznes problemlərinin qiymətləndirilməsi və həllinə dair bilikləri aşılamaq, müasir idarəetmə və qərarların verilməsi üzrə metodiki yanaşmanı formalaşdırmaqdır. Kursun tədris planı səkkiz əsas moduldan ibarət olacaq: təqdimat və ünsiyyət bacarıqları; layihələrin idarə edilməsi; vaxtın idarə edilməsi və səmərəliliyi; liderlik; risklərin idarə olunması; maliyyənin əsasları, büdcə və xərclərə nəzarət; insan resurslarının idarə edilməsinin əsasları və danışıqların aparılması bacarıqları.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib ki, Bakı Ali Neft Məktəbində həyata keçirilən bu layihə gənclər üçün faydalı olacaq. SOCAR rəhbərinin sözlərinə görə, Bakı Ali Neft Məktəbi SOCAR-ın ən uğurlu sosial layihələrindən biridir və artıq texniki təhsilin avanqardına çevrilərək ölkə daxilində yeni standartın əsasını qoyub. Bu da ölkədəki digər təhsil müəssisələri üçün əlavə stimuldur.
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz isə bildirib ki, BP bu layihə vasitəsilə universitet mərhələsində zəruri menecment və biznes bacarıqlarının yaradılmasına töhfə vermək istəyir: «Əksər məzunlar müasir təşkilatlarda öz biznes karyerasına başladıqları zaman bu bacarıqları əldə etməkdə çətinlik çəkirlər. Biz öz təcrübəmizdən də görürük ki, bir çox hallarda bu, universitet məzunları, o cümlədən mühəndislər üçün asan olmur. İnanırıq ki, bu proqram ali məktəbin axırıncı kursunda olan tələbələrə biznesin idarə olunması vasitələri və üsulları haqqında bilgilər verməklə onların universitet təhsilindən biznes karyerasına rahat keçməsinə yardım edəcək».
Layihənin müddəti 11 aydır (fevral – dekabr 2018), BP bu layihəyə 180 min dollar ayırıb.
Redaktorlar üçün qeydlər:
Ötən 25 il ərzində BP və tərəfdaşları çox sayda iri sosial investisiya layihələri həyata keçiriblər. Bu layihələr təhsilin inkişafına, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılmasına, icmaların sosial infrastrukturla bağlı vəziyyətinin təkmilləşdirilməsinə, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək verilməsinə, mədəni irs və idmanın inkişafına, eləcə də hökumət qurumlarına texniki yardıma yönəldilir.
2017-ci ildə BP bir şirkət kimi ayrılıqda Azərbaycanda sosial layihələrin sponsorluğuna 2 milyon dollar xərcləmişdir. Bundan əlavə, ötən il BP və onun Azəri-Çırag-Günəşli, Şahdəniz, Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları birlikdə Azərbaycanda sosial investisiya layihələrinə təqribən 2,4 milyon dollar xərcləmişlər.
SOCAR-ın Azərbaycan üzrə sosial xərcləri 2016-cı ildə 148 milyon manat təşkil etmişdir. Ölkə rəhbərliyinin müəyyən etdiyi strateji kursa uyğun olaraq, şirkətin sosial fəaliyyətində gənclərin elmi və təcrübi inkişafına dəstək xüsusi yer alır. Bakı Ali Neft Məktəbini təsis etməklə yanaşı SOCAR ölkədə beynəlxalq səviyyəli orta məktəb təhsilinə də dəstək verir. SOCAR-ın peşə təlim kurslarında 100 minə yaxın vətəndaş iştirak edib. Ali məktəblərdə tələbələrin həvəsləndirilməsi məqsədi ilə SOCAR-ın Daxili və Xarici Təqaüd Proqramları həyata keçirilir. SOCAR-ın hər il keçirilən ödənişli yay təcrübəsi proqramı da gənclər arasında böyük rəğbət qazanmışdır. Şirkətin Heydər Əliyev Fondu ilə birlikdə həyata keçirdiyi layihəsi çərçivəsində uşaq evlərində tərbiyə almış 100-dən çox gənc SOCAR-ın peşə təlimi mərkəzlərində müxtəlif peşələrə yiyələnərək, şirkətin strukturlarında çalışmaq imkanını qazanmış, mənzillərlə təmin edilmişlər.
«Mühəndislər üçün biznes təhsili» proqramı – PULUNU «BP» VERƏCƏK
13:45
9 Mart 2018